AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dilçi alim filologiya elmləri doktoru, professor Rəhilə Cavad qızı Məhərrəmovanın 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, Rəhilə Cavad qızı Məhərrəmova Azərbaycan dilçiliyində öz yeri, mövqeyi, istiqaməti, dəsti-xətti olan görkəmli alimlərdən biridir.
Rəhilə Məhərrəmova 1923-cü ildə Bakıda anadan olmuşdur. 1945-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetini bitirmişdir. 1949-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1945-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ümummilli Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında yaradılmış Dövlət dil komissiyasının üzvü olub.
Dil tarixi, üslubiyyat, leksikologiya və dialektologiyaya dair 8 kitabı, 200-dən artıq məqaləsi respublika və xarici ölkələrdə, habelə bir məqaləsi UNESCO-nun xətti ilə bir neçə dildə nəşr olunmuşdur. Onlarla əsərin elmi redaktoru, respublika və xarici ölkələrin elmi şuralarında doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdu. İlk dilçi qadın alim Rəhilə Məhərrəmovanın “Sabirin söz dünyası” (2006), "Kitabi-Dədə Qorqud"un söz xəzinəsi" (2007) adlı böyük həcmli kitabları onun yaradıcılıq potensialının real göstəriciləridir.
Seminarda professor Sevil Mehdiyeva “Xatirələr”, filologiya üzrə fəlsəfə doktoru,dosent Reyhan Mədətova “Rəhilə Məhərrəmovanın həyat və yaradıcılığı”, filologiya elmləri doktoru, dosent Vahidə Cəfərzadə “Tarixdə iz qoyan alim” mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzələrdə bildirilib ki, Azərbaycan dilçiliyi tarixində professor Rəhilə Məhərrəmova qayğıkeş alim kimi yüksək ad qazanmışdır. Azərbaycan dilçi kadrların hazırlanmasında professor Rəhilə Məhərəmovanın əməyi böyükdür.
Elmi seminarın sədri professor Sayalı Sadıqova vurğulamışdır ki, R.Məhərrəmova 1969-cu ildə “Sabirin satirik əsərlərinin leksikası”, 1976-cı ildə isə “Sabirin dili” kitablarını nəşr etdirib. Alimin tədqiqatları nəinki republika dilçilərinin, həmçinin bir çox türkoloqların diqqətini cəlb etmişdir.
Sonra profesor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Baba Məhərrəmli, Kifayət İmamquliyeva, Qətibə Mahmudova və başqaları Rəhilə Məhərrəmova haqqında öz xatirələrini bölüşüb.
Sonda alimin qızı Bakı Dövlət Universitetinin müəllimi, professor Sevinc Məhərrəmova tədbirin təşkilatçılarına və institut rəhbərliyinə öz təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.