AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İrma Radiani, həmin institutun direktor müavini, filologiya elmləri doktoru, professor Maqa Elbaqidze və filologiya elmləri doktoru, professor İrine Modebadze ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar.
Daha sonra gürcü alimlər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub, müəssisənin kollektivi ilə görüşüblər.
Görüşü giriş sözü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb, qarşılıqlı görülən işlərin tarixinə nəzər salaraq çap olunan kitabların əhəmiyyətindən danışıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini xüsusilə vurğulayıb. Ədəbiyyat İnstitutunun strukturu və şöbələri haqqında məlumat verərək, müəssisəyə aid nəşrləri qonaqlara hədiyyə edib.
Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, Tbilisi İnstitutunun professoru İrma Radiani də öz növbəsində müəssisə ilə tanışlıqdan məmnun qaldığını bildirib. Qarşılıqlı əlaqələrin əhəmiyyətini qeyd edərək görülən işlərin gələcək əməkdaşlığa təkan verəcəyini əlavə edib. Həmçinin rəhbərlik etdiyi müəssisənin nəşrləri haqqında məlumat verərək həmin kitabları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.