Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” respublika müsabiqəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib
15.12.2023 17:38
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” respublika müsabiqəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

Məlum olduğu kimi, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri üçün “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir. Dəfələrlə İdarəetmə Sistemləri İnstitutunun (İSİ) aparıcı alimləri müsabiqədə komanda şəklində iştirak edəcək şagirdlərə elmi məsləhətçilik edərək mövzuların seçilməsində, layihələrin hazırlanmasında və müsabiqəyə təqdim olunmasında onlara elmi dəstək göstəriblər.

İnstitutda “Sabahın alimləri” respublika müsabiqəsinin 2024-cü ildə keçirilməsi nəzərdə tutulan növbəti layihəsində iştirak edəcək 189-190 saylı tam orta məktəbin XI sinif şagirdi Sara Dadaşova və həmin məktəbin informatika müəllimi Gülnar İbadlı ilə görüş keçirilib. Görüşdə şagirdə elmi məsləhətçilik edəcək İSİ-nin laboratoriya müdiri r.ü.f.d., dosent Gülçin Abdullayeva, laboratoriyanın elmi işçisi Səyyarə Hidayətzadə, İSİ-nin Təhsil şöbəsinin müdiri r.ü.f.d. Sevinc Quliyeva iştirak ediblər.

Öncə dosent Gülçin Abdullayeva rəhbərlik etdiyi İnformasiyanın intellektual email sistemləri laboratoriyasında görülən işlər, əldə olunan elmi nailiyyətlər haqqında ətraflı məlumat verib. Daha sonra müsabiqəyə təqdim olunacaq layihənin mövzusunun seçilməsi, layihənin yerinə yetirilməsi üçün görüləcək işlərin planının tərtib olunması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məsləhət və tövsiyələr bildirilib.

Sonda müəyyən olunmuş cədvəl üzrə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: