Dekabrın 20-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun məzarını ziyarət ediblər.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə başçısının 28 sentyabr 2023-cü il tarixli müvafiq Sərəncamı ilə görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 100 illiyinin bütün ölkə səviyyəsində təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
O, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institut və təşkilatlarda da görkəmli alimin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin ziyalılarımızın Ziya Bünyadova, onun yaradıcılığına olan ehtiramının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Akademik Ziya Bünyadovun ölkəmizdə özünəməxsus, bir çox istiqamətləri özündə birləşdirən, universal elmi məktəb yaratdığını deyən AMEA rəhbəri bu məktəbi xarakterizə edən əsas xüsusiyyətlərin tarixşünaslığı, mənbəşünaslığı və şərqşünaslığı bir araya gətirməsi ilə bağlı olduğunu söyləyib. Akademik İsa Həbibbəyli əlavə edib ki, görkəmli elm xadiminin ərsəyə gətirdiyi qiymətli əsərlər ölkəmizdə bu gün də fundamental elmi tədqiqatlara bənzərsiz örnək kimi qəbul olunur.
Onun sözlərinə görə, akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” əsəri Azərbaycan dövlətçilik tarixinə, şəxsiyyətlərinə həsr olunmuş dəyərli elmi əsər kimi bu istiqamətdə sonrakı tədqiqatlar üçün zəmin yaratmış, tədqiqatçılara bələdçilik etmişdir.
AMEA prezidenti bildirib ki, görkəmli alimin Özbəkistanın Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər” əsəri Azərbaycanla yanaşı, Özbəkistanda da abidə-əsər kimi yüksək qiymətləndirilir.
“Müstəqillik uğrunda mübarizəmizin əsas simalarından biri kimi akademik Ziya Bünyadov Qarabağ probleminin həllində yaxından iştirak etmiş, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir”, - deyə bildirən akademik İsa Həbibbəyli onun 1937-ci ildə repressiya hadisələrinin sənədlər əsasında öyrənilməsinin əsasını qoyan ilk alim olduğunu, eyni zamanda yarım əsrdən çox bir müddət ərzində AMEA-nın inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Ziya Bünyadov, həmçinin Milli Məclisin deputatı kimi ictimai-siyasi proseslərdə də yaxından iştirak etmiş, dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda Ümummilli Lider Heydər Əliyevin ideyalarını dəstəkləmişdir.
Akademik İsa Həbibbəyli bu il 100 illiyi qeyd olunan görkəmli şəxsiyyət Ziya Bünyadovun yaradıcılığının geniş ictimaiyyətə çatdırılması, alimin indiyə qədər işıq üzü görməmiş dəyərli irsinin çap olunması istiqamətində AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qərarların qəbul olunduğunu deyib.
AMEA rəhbəri çıxışının sonunda bugünkü konfransda akademik Ziya Bünyadovun çoxcəhətli yaradıcılığının müxtəlif məqamları ilə bağlı əhəmiyyətli məruzələrin dinləniləcəyini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri, akademik Vitali Naumkinin videomüraciəti konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Akademik Ziya Bünyadovun postsovet məkanında və onun hüdudlarından kənarlarda, daha öncə isə Sovet İttifaqında tanınan görkəmli medievist ərəbşünas olduğunu deyən akademik V.Naumkin onun Qafqazın, Yaxın Şərqin, Ərəb dünyasının orta əsrlər tarixini araşdıran böyük alim kimi şərqşünaslıq elmində xidmətlərini qeyd edib. O, Ziya Bünyadovun Sovet İttifaqı Qəhrəmanı kimi çətin müharibə yolunu keçdiyini söyləyib. Akademik V.Naumkin Ziya Bünyadovun həm də görkəmli ictimai və siyasi xadim olduğunu, Azərbaycan xalqının milli dirçəlişində mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycan xalqını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qəsbkar və işğalçı dövlət olan Ermənistan üzərində qazandığı qələbə münasibətilə təbrik edib, Vətən torpaqlarının azad olunması uğrunda canlarından keçmiş şəhidləri hörmətlə anıb, onlara Allahdan rəhmət diləyib.
İraqlı professor Azərbaycan şərqşünaslıq elminin dünyada tanınmasında akademik Ziya Bünyadovun apardığı fundamental tədqiqatların böyük rolu olduğunu vurğulayıb, görkəmli alimin öz üslubu ilə şərqşünaslıq elminə yeni bir istiqamət gətirdiyini bildirib. Qeyd edib ki, Ziya Bünyadov Şərq ədəbiyyatına dair dolğun fikirlər ortaya qoyaraq, öz əsərlərində Orta əsr alimlərinin Azərbaycan tarixi, həqiqətləri ilə bağlı əsərlərini tədqiqata cəlb etmişdir.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Elmimizin Ziya Bünyadov zirvəsi” mövzusunda məruzə ilə çıxış edib. Akademik Gövhər Baxşəliyeva Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, akademik Ziya Bünyadovun həyat və yaradıcılığının parlaq bir ömür olaraq qəhrəmanlıq yolunu əks etdirdiyini deyib. O, akademik Ziya Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq, alimin orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanındığını, elmi dairələrin və geniş oxucu kütlələrinin rəğbətini qazandığını qeyd edib.
Ziya Bünyadovun həyat yolundan bəhs edən akademik Gövhər Baxşəliyeva görkəmli alimin elmi yaradıcılığının Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri istiqamətlərində inkişaf etdiyini bildirib.
Ziya Bünyadovun elmimizə töhfələri sırasında yer alan “Azərbaycan VII-IX əsrlərdə” kitabı barədə danışan məruzəçi monoqrafiyada akademikin xalqımızın etnogenezinə dair maraqlı fikirlərinin yer aldığını diqqətə çatdırıb. Bildirib ki, monoqrafiyada yerli türklərlə gəlmə türklərin cənubdan oğuzlarla və şimaldan qıpçaqlarla qarışması nəticəsində türkdilli azərbaycanlı etnosunun formalaşması prosesinin tamamlandığı qeyd olunub.
Akademik Gövhər Baxşəliyeva alimin çoxsaylı qədim mənbələrə əsaslanaraq ərəblərin VII əsrdə Azərbaycana gələn zaman artıq burda tüklərlə qarşılaşdıqlarını sübut etdiyini vurğulayıb.
Plenar iclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı “Ziya Bünyadov – görkəmli mənbəşünas alim kimi”, Özbəkistan Milli Universiteti Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri professor Həmidulla Boltabayev “Mərkəzi Asiyanın mədəniyyəti tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin professoru Qulnoz Xalliyeva “Ziya Bünyadov və Avropa fondlarındakı Xarəzm əlyazmaları” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans işini Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, konfransa 218 iştirakçı, o cümlədən Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılıb.
Tədbirə dekabrın 21-də yekun vurulacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.