Dekabrın 22-də AMEA-nın Rəyasət Heyətinin binasında “Akademiyada Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda elmi konfrans keçirilib.
Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə başçısının 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə öz tarixi dədə-baba yurdlarından qovularaq deportasiyaya və soyqırımına məruz qalmış soydaşlarımızın son 200 illik tarixi üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması üzrə müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən bir il ərzində Qərbi Azərbaycan İcması dövlət başçısının qarşıya qoyduğu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmiş, genişmiqyaslı təşkilatlanaraq bir çox beynəlxalq sənədlərin qəbul edilməsinə, BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatlarının Qərbi Azərbaycanla bağlı məsələlərə reaksiya verməsinə nail olmuşdur.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə alimlərimiz, ziyalılarımız qarşısında qoyduğu tapşırıqların həyata keçirilməsi məqsədilə AMEA-da da önəmli addımların atıldığını deyən akademik İsa Həbibbəyli Rəyasət Heyətinin qərarı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə Toponimika şöbəsinin yaradıldığını vurğulayıb. Bildirib ki, ötən bir il ərzində şöbələrin əməli fəaliyyəti üçün zəruri dəstək verilib və qısa müddət ərzində fundamental tədqiqatlar aparılaraq, Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması istiqamətində önəmli nəticələr əldə edilib.
“Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsi “Xalq qəzeti” ilə Qərbi Azərbaycandakı yer adları və soydaşlarımızın deportasiyaya məruz qalması ilə bağlı ictimai müzakirələr təşkil edib. Dilçilik İnstitutunun Toponimika şöbəsi “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabını ərsəyə gətirib. Hazırda “Qərbi Azərbaycan dialektoloji atlası”nın hazırlanması üzrə işlər davam etdirilir. Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsində hazırlanmış “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu çap mərhələsindədir”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Bundan əlavə, AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə Şurasının yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistandakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə komissiyanın yaradıldığını xatırladıb.
AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyada “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlandığını deyən akademik İsa Həbibbəyli professor Kərim Şükürovun sədrliyilə yaradılmış İşçi qrup tərəfindən ensiklopediyanın sözlüyünün müzakirə olunduğunu, tezliklə Rəyasət Heyətinin iclasında müzakirə edilərək təsdiqlənəcəyini bildirib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Milli Elmlər Akademiyasında cari ildə Qərbi Azərbaycan üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib və dövlət başçısının bu istiqamətdəki tapşırıqlarının icrası üzrə alimlərimizin var gücləri ilə səylərini bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixi elmi tədqiqatlarda” mövzusunda çıxış edib. Bildirib ki, 2023-cü ildə şöbədə “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası: XIX-XX əsrlər (arxiv sənədləri)”, “Qərbi Azərbaycanın tarixi atlası”nın hazırlanması, “Qərbi Azərbaycan tarixinə dair mənbələr”, “Qərbi Azərbaycan tarixi (Azərbaycan tarixi kontekstində)” mövzuları və fərdi planlar üzrə işlər yerinə yetirilib. Belə ki, “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası: XIX-XX əsrlər (arxiv sənədləri)”, “Qərbi Azərbaycan tarixinə dair mənbələr” mövzuları üzrə materiallar toplanıb, “Qərbi Azərbaycan tarixi atlası”nın strukturunun ilk variantı hazırlanaraq tərtib edilib, eləcə də “Qərbi Azərbaycan tarixinin tarixşünaslığı” adlı mətnin ilk variantı hazırlanıb, həmçinin bir sıra məqalələr ərsəyə gətirilərək çap olunub.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov “Qərbi Azərbaycan toponimlərinin elmi təsnifatı” adlı məruzəsində bildirib ki, Qərbi Azərbaycanda mövcud olan toponimlərin mütləq əksəriyyəti türk mənşəlidirlər.
“Daha qədim dövrlərə getdikdə isə qeyri-türk mənşəli toponimlərə heç rast gəlmək olmur. Bu gün Səfəvi dövründə mövcud olmuş 1500-ə yaxın toponimin bu və ya digər tarixi səbəblərdən 1000-ə yaxını xaraba qalmışdır. Bu kəndlərin dağıntıları, ya da sadəcə olaraq adları gününmüzə qədər gəlib çıxmışdır. Hazırda qorunub saxlanan bu adların biri belə erməni dilində deyildir. Ermənilərin mövcud olmayan yaşayış məntəqələrinin adlarını dəyişdirməsi mümkün olmadığına görə, bu həqiqət bariz şəkildə üzə çıxmışdır. Biz Toponimika şöbəsi olaraq Qərbi Azərbaycan toponimlərini leksik semantik və morfoloji nöqteyi-nəzərdən tədqiqata cəlb etdikdə görürük ki, bu onomastik vahidlərin hər birinin leksik məzmunu anlaşılandır və məzmun müasir Azərbaycan dili ilə tam səsləşməkdədir”, - deyə Elçin İsmayılov bildirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru Əziz Ələkbərli “Qərbi Azərbaycan folklorunda tarixilik” isə çıxışında İcmanın geniş təşkilatlanma prosesində olduğunu, rayon və kəndlərdə nümayəndəliklərinin yaradılmaq üzrə olduğunu deyib. Qeyd edib ki, həyata keçirilən bu işlər Qərbi Azərbaycan üzrə toponimlərin, xüsusilə mikrotoponimlərin toplanılması prosesinə mühüm töhfə verəcək. Qərbi Azərbaycan folkloru şöbəsində həyata keçirilən işləri diqqətə çatdıran Ə.Ələkbərli ikicildlik “Qərbi Azərbaycan folklor örnəkləri” üçün materialların toplandığını, bu mövzuda iki elmlər doktorluğu mövzusunun götürüldüyünü bildirib. O, Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar üzrə şifahi və erməni mənbələri üzərində də işləməyin vacibliyinə toxunub.
Daha sonra AR Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi aqrar elmlər doktoru Yasin Kərimov isə “Azərbaycanın tarixi torpaqlarındakı yaşayış məntəqələri adlarının rəsmi sənədlərlə saxtalaşdırılması” adlı məruzə ilə çıxış edib. O, çıxışında Qərbi Azərbaycanda azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən saxtalaşdırılmasını rəsmi sənədlər əsasında konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Müzakirələr zamanı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək Qərbi Azərbaycan ərazisi ilə bağlı olan toponimik vahidləri, bu adlarla bağlı çoxparametrli məlumatları özündə əks etdirən Qərbi Azərbaycan Toponimik vahidlərinin Geoinformasiya Sisteminin yaradılmasını təklif edib. Eyni zamanda alim hazırki şəraitdə İnternet üzərindən axtarış edilməsini asanlaşdırmaq məqsədilə Qərbi Azərbaycan ərazisi ilə bağlı olan toponimik vahidlərin zaman zənciri üzrə dinamikasının müəyyənləşdirilməsi, müxtəlif tarixi mərhələlərdə dəyişdirilən adların hazırki müasir Ermənistan Respublikasındakı adlarını da özündə ehtiva edən keçid cədvəlinin hazırlanmasının zəruruliyini qeyd edib.
Konfransda, həmçinin AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyev sual və təkliflərini səsləndirib, çıxışlar ətrafında fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.