Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Görüşdə Rəyasət Heyətinin yerləşdiyi tarixi-mədəniyyət abidəsi “İsmailiyyə” binasının, eləcə də Akademiyanın tarixindən danışan akademik İsa Həbibbəyli bu gün yeniləşmə mərhələsində olan AMEA-da aparılan elmi-tədqiqat istiqamətləri barədə ətraflı bəhs edib. Fəaliyyətində Türk dövlətlərinin başçılarının tapşırıq və tövsiyələrini rəhbər tutan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı elmi əlaqələrin perspektivini diqqətə çatdıran AMEA rəhbəri birgə elmi-tədqiqat layihələrinin, kitab nəşrinin, tərcümə işinin həyata keçirilməsinin, müştərək elmi konfransların təşkil olunmasının əhəmiyyətini qeyd edərək Akademiyada bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. AMEA ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında qarşılıqlı elmi əlaqələrin genişləndirilməsinin Türk dünyasına xidmət sahəsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, nəzərdə tutulmuş iş planları barədə ətraflı məlumat verib, elm sahəsində AMEA ilə qarşılıqlı əməkdaşlığın böyük önəm daşıdığını xüsusi vurğulayıb. AMEA ilə birgə elmi layihələrin hazırlanması, tədbirlərin keçirilməsi barədə məqsədini açıqlayan Fondun rəhbəri görüləcək işlərin müqabilində əhəmiyyətli elmi nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı elmi əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanaraq bir sıra fəaliyyət istiqamətləri müəyyən edilib, birgə tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AMEA Rəyasət Heyətinin binası ilə tanış olub, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirildiyi Böyük akt zalına baxıb. Fondun rəhbərinə binanın tarixi, memarlıq üslubu ilə bağlı ətraflı məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.