Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2024 16:00
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin qurbanları anılıb

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin qurbanları anılıb

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev açıb. Professor çıxışı zamanı milli iradəmizin sarsılmazlıq simvoluna çevrilmiş qanlı 20 Yanvar hadisəsinin törədilməsi ilə bağlı versiyaları və real faktları diqqətə çatdırıb.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “20 Yanvar – tariximizin qəhrəmanlıq səhifəsidir”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Azərbaycan ədəbiyyatında  20 Yanvar mövzusu” adlı məruzələr ediblər.

Məruzələrdə 1988-ci ildən başlayaraq tarixi Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyasından, onlara qarşı törədilən fiziki, mənəvi və psixoloji terrordan bəhs olunub. 20 Yanvar qətliamı ərəfəsində ölkədə hökm sürən ictimai-siyasi vəziyyət, həmin qanlı gecədə dinc əhalinin gülləboran edilməsi və bu qırğının beynəlxalq ictimaiyyətə təhrif olunmuş şəkildə bəyanından danışıblar. Qeyd olunub ki, 20 Yanvar faciəsinə ən real və obyektiv münasibəti Ulu Öndər Heydər Əliyev bildirmiş, qətliama siyasi qiymət vermişdir.

Konfransda, həmçinin qanlı 20 Yanvar qırğınının bədii ədəbiyyatımıza təsirindən, şair və yazıçıların lirik şeir, poema, hekayə janrlarında qələmə aldıqları əsərlərdən, onların ideya-bədii xüsusiyyətlərindən söz açılıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış ediblər. Çıxışlarda 20 Yanvar qətliamı ərəfəsində Naxçıvanda baş verən hadisələrdən, çətin ictimai-siyasi vəziyyət fonunda Naxçıvan əhalisinin nümayiş etdirdiyi mübarizlikdən bəhs olunub. Alimlər qeyd etdikləri fikirləri faktlarla əsaslandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: