Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.07.2024 16:25
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda iGEO Azərbaycan komandasının növbəti hazırlıq dərsi keçirilib

Coğrafiya İnstitutunda iGEO Azərbaycan komandasının növbəti hazırlıq dərsi keçirilib

Beynəlxalq Coğrafiya Olimpiadasında ölkəmizi təmsil edəcək məktəblilərdən ibarət Azərbaycan komandası hazırlıq çərçivəsində yay məktəbinin dördüncü həftəsinin növbəti dərsini “Azərbaycanın inkişafında coğrafiyanın rolu” mövzusu ilə Coğrafiya İnstitutunda keçirib.

İnstitutun baş direktoru professor Zakir Eminov giriş sözü ilə çıxış edərək coğrafiyanın ölkəmizdə rolu, iqlim dəyişiklikləri ilə əlaqədar Azərbaycanda gedən adaptasiya prosesləri, su tutarlarının vəziyyəti, içməli su qıtlığı və bundan çıxış yolları, “Böyük Qayıdış” prosesi, işğaldan azad olunmuş torpaqların və ekomühitin dirçəlişi və bu prosesdə coğrafiyaçıların rolu və s. bəhs edib.

İnstitutun icraçı direktoru c.ü.f.d, dosent Zaur İmrani Qarabağda şəhərsalma və bu işdə coğrafiyaçıların rolu, institut doktorantlarının beynəlxalq təhsil mübadilələrində iştirakı, onların elmi fəaliyyəti və s. danışıb.

Kiçik elmi işçi Nazim Gəraylı “Süni intellektin coğrafiyada rolu” mövzusunda təqdimatla çıxış edib, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtibi, sinoptik proqnozların hazırlanmasında süni intellektdən istifadə, gənc alimlərin apardıqları elmi tədqiqatlar və s. haqqında şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, bu il avqustun 19-dan 24-dək növbəti 20-ci Beynəlxalq Coğrafiya Olimpiadasında İrlandiyanın Meynot şəhərində ölkəmizi təmsil edəcək komanda Təhsildə VII Qrant Müsabiqəsinin qalibi olmuş layihənin müdavimidir. Layihə may ayında bitsə də, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsi və  iGeo Azərbaycan komandasının rəhbəri Yaşar Seyidəliyev illərdir şəxsi təşəbbüsü ilə komanda hazırlıqlarını olimpiadaya kimi davam etdirir. İndiyədək iGeo Azərbaycan komandası ölkəmizə beynəlxalq coğrafiya müsabiqələrindən beş medal gətirib. Azərbaycan komandasının iGeo-da iştirakı ilə bağlı xərclərini Azərbaycan  Respublikasının Təhsil İnstitutunun (ARTİ) Olimpiada Mərkəzi qarşılayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: