Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli:
23.07.2024 12:15
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli:

Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edildiyi şəraitdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi yeni tarixi dövrdə cəmiyyətin yeniləşdirilməsinə və daha genişmiqyaslı islahatların həyata keçirilməsinə xidmət edir. Cəmiyyətin aparıcı qüvvəsini təşkil edən Yeni Azərbaycan Partiyasının ilk dəfə olaraq bütün dairələrdən 125 seçki dairəsindən öz namizədlərini irəli sürməsi zəngin ənənələri olan bu güclü və mütəşəkkil partiyanın böyük siyasi potensiala, etibarlı ehtiyat kadr bazasına malik olduğunu göstərir. Bu, həm Yeni Azərbaycan Partiyasının növbəti dəfə qalib gəlmək əzmini, qələbə qazanmaq inamını aydın şəkildə nümayiş etdirir.

Bundan başqa, Yeni Azərbaycan Partiyasından olan namizədlərin tərkibində tanınmış ziyalıların, zəngin təcrübəyə malik mütəxəssislərin, cəmiyyət tərəfindən qəbul edilən adlı-sanlı simaların olması da partiyamızın yenidən parlamentdə səsçoxluğunu qazanacağına böyük inam yaradır. Yeni Azərbaycan Partiyasının namizədləri sırasında çoxillik parlament təcrübəsinə malik deputatların yer alması da partiyanın qızıl fondunu daha da möhkəmləndirmək, onların bilik bacarıqlarından müasir cəmiyyətin inkişafı naminə yaradıcı şəkildə istifadə etmək prinsipinə sadiqliyinin ifadəsidir. Müşahidələr göstərir ki, Partiyamızın namizədlər siyahısı, eyni zamanda gənc qüvvələrlə zənginləşdirilmişdir. Bu isə Yeni Azərbaycan Partiyasının yeni tarixi dövrdəki yeniləşmə proseslərinə həm yeni qüvvələrlə getmək iradəsinin real göstəricisidir. Həmçinin, seçkilərdə Yeni Azərbaycan Partiyasından olan qadın namizədlərin çoxalması isə ölkəmizdə dərinləşməkdə genişlənməkdə davam edən demokratikləşdirmə və gender bərabərliyi təşəbbüslərinin daha da inkişaf etdirilməsinə təkan vermək məqsədi daşıyır. Fikrimcə Yeni Azərbaycan Partiyası ərazi təşkilatlarının bir çox sədrlərinin deputatlığa namizəd göstərilməsi də məqsədyönlü addım olub, parlamentdə iqtidar partiyasının mövqelərinin daha da gücləndirilməsinə xidmət edən əhəmiyyətli gedişdir.

Bir sözlə, atılmış ilkin məqsədyönlü addımların təhlili onu göstərir ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçkiqabağı siyasi mübarizədə yüksək səviyyədə fəal şəkildə iştirak etmək üçün bütün imkanlara malikdirlər. Bunlar isə öz növbəsində Milli Məclisə seçkilərdə cəmiyyətin bütün təbəqələrindən olan seçicilərin fəallığının artmasına da ciddi şəkildə təsir göstərəcəkdir.

İnanırıq ki, Azərbaycan Respublikasının Milli Məclisinə VII çağırış üzrə seçkilər hər zaman olduğu kimi, demokratik mübarizə şəraitində keçəcək, ölkəmizdə müasir inkişafın yeni mərhələsinə çatmaq üçün siyasi-ideoloji zəmin hazırlayacaq, ali qanunverici orqanımızın irəliyə doğru inkişafına daha yüksək səviyyədə xidmət edəcəkdir. Bütövlükdə VII çağırış üzrə Milli Məclisə keçiriləcək seçkilər müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi yollarında dönmədən qətiyyətlə mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və məqsədyönlü siyasətin gerçəkləşməsinə özünün layiqli töhfəsini verəcəkdir.

Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayıram.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: