Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2024 09:12
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “20 Yanvar – xalqımızın şanlı tarix səhifəsi” adlı tədbir keçirilib

Əlyazmalar İnstitutunda “20 Yanvar – xalqımızın şanlı tarix səhifəsi” adlı tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş “20 Yanvar – xalqımızın şanlı tarix səhifəsi” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan institutun elmi katibi fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə 1990-cı ilin yanvarında Sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu qeyd edib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan alim çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu, Azərbaycan xalqını müstəqilliyə qovuşduran şəhidlərin heç bir zaman unudulmayacağını bildirib.

Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı və Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova məruzələrində 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə edərək, 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını qeyd edib, çıxışlarında şəhidlərin ruhuna həsr olunan şeirlərdən parçalar səsləndiriblər.

Məruzələr ətrafında çıxışların dinlənilməsi ilə davam edən anım mərasimində institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov və Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, professor Tahirə Həsənzadə çıxış edərək qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar tarixinin Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı olduğunu qeyd edib, gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan, düşmən üzərində əldə olunan mütləq qələbədən sonra maarifləndirmə işinin daha da ciddi aparılması istiqamətində üzərinə düşən vəzifələrdən söz açıblar.

Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Müstəqilliyə aparan yol” adlı tematik kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: