Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2024 12:30
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İSİ əməkdaşları tərəfindən hazırlanan 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri İSİ-nin baş direktoru akademik Əli Abbasov açaraq bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin tarixi və səbəbləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının əzmini, azadlıq istəyini boğmağa, birliyini sarsıtmağa çalışan sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tarixdə misli görülməmiş bir cinayət aktını həyata keçirdi. Sovet ordusu hissələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və digər rayonlara yeridilərək dinc əhaliyə amansız şəkidə divan tutdu. Bu təcavüz nəticəsində ümumilikdə 146 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Qanlı yanvar hadisəsinin gedişatı və nəticələrindən bəhs edən Ə.Abbasov xüsusilə vurğulayıb ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş dəhşətli soyqırımı barəsində ən kəskin bəyanatı məhz Ümummilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndər sovet rejimi tərəfindən göstərilən təzyiqlərə baxmayaraq xalqın azadlıq istəyinin, haqq səsinin dünyaya çatdırılması istiqamətində addımlar atdı. Akademik bildirib ki, Heydər Əliyev faciə törədildikdən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və beləliklə, faciəyə ilk siyasi qiymət verildi.

Faciədən sonrakı mürəkkəb proseslərlə müşaiyət olunan siyasi dövrü xarakterizə edən Ə.Abbasov ədalətsiz sovet rəhbərliyi tərəfindən törədilən bu faciənin qüdrətli Azərbaycan xalqının müstəqillik arzusunu, əzmini qırmağa nail ola bilmədiyini vurğulayıb. Qeyd edib ki, baş verən siyasi proseslər qarşısında daima dik duran, azadlıq mübarizəsindən dönməyən xalqımız Ulu Öndərin rəhbərliyi ilə öz haqq səsini dünyaya çatdırdı, müstəqil dövlət kimi qabaqcıl ölkələr sırasında öz layiqli yerini tutdu.

Ə.Abbasov bu gün Ümummilli Liderin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirərək ölkənin hərtərəfli inkişafına istiqamətlənən konsepsiyalardan söz açıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun xalqın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etməsi nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında son illərin ən mühüm qələbəsi kimi dünya tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi zəfərin ardınca lokal xarakterli antiterror əməliyatının tam dəqiqliklə həyata keçirilməsi və ötən ilin oktyabr ayında Xankəndidə, digər ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılması Azərbaycan xalqının ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbələr qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün tam bərpasına nail oldu.

Çıxışının sonunda 20 Yanvar tarixinin sadəcə acı və ağrı ilə deyil, həm də şərəf günü kimi xatırlandığını vurğulayan akademik öz xatirələrini bölüşüb, faciə qurbanlarını ehtiramla yad edərək onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.

Sonra İntellektual informasiya-ölçmə sistemləri laboratoriyasının müdiri t.e.d., dosent Məzahir İsayev çıxış edərək 20 Yanvar faciəsinin tarixi, siyasi səbəbləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, hələ ötən əsrin 80-ci illərində Dağlıq Qarabağa müstəqillik verilməsinə çalışan, Azərbaycanın ərazi bütövlüyünə göz dikmiş ermənilərə havadarlıq edən SSRİ rəhbərliyi bir sıra cinayətlər həyata keçirmiş, Qarabağ və İrəvan ərazisindən azərbayanlıları deportasiya etmiş, Sumqayıt hadisələrini törətmişdir.

Qeyd edib ki, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında Fərman imzaladı. Lakin Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. Fövqəladə vəziyyətin elan olunmasından xəbərsiz olan əhaliyə amansız şəkildə divan tutuldu, bəşər tarixində görünməyən vəhşiliyə əl atıldı. Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc insanlar sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildi.

20 Yanvar tarixinin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlıq mübarizəsinin rəmzi, qəhrəmanlıq salnaməsi olduğunu bildirən M.İsayev öz xatirələrini bölüşüb, faciə qurbanlarını ehtiramla yad edib.

Daha sonra t.e.d., dosent Asif Rzayev, r.e.d. İlqar Məmmədov, r.ü.f.d., dosent Ədalət Paşayev, r.ü.f.d., dosent Gülçin Abdullayeva, r.ü.f.d. Rəhilə Sadıqova və İSİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova çıxış edərək 20 Yanvar faciəsinin tarixi və səbəblərindən bəhs ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: