Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2024 15:00
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Vaqif Abbasov açaraq qeyd edib ki, tariximizin öyrənilməsi vacib məsələdir. Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. 1990-cı ilin 20 Yanvar günü Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi xatırlanır. Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı M.S.Qorbaçov başda olmaqla, SSRİ dövlətinin törətdiyi qanlı bir cinayətdir. Həmin gün Azərbaycan xalqının tarixinə sınaq günü kimi yazıldı. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı  mübarizədə böyük rol oynadı və müstəqilliyimizə təkan verdi. Məlumdur ki, indi 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanı cəsarət, hünər, vətən sevgisi, milli şüur məktəbi olaraq and yerinə çevrilib.

Vaqif Abbasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiyməti vermişdir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: