Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2025 09:52
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Əhədova Aybəniz Sədi qızının “Azərbaycanda Neolit dövrünə aid tarixi abidələrin Radiokarbon, Elektron Paramaqnit Rezonans (EPR) və Termolüminisent metodları ilə müqayisəli tarixləndirilməsi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ümumi seminarı keçirilib.

Seminarda institutun laboratoriyalarının bütün kollektivi iştirak edib. Məruzəçi öncə mövzunun aktuallığına toxunub və dissertasiya işinin əsas məqsədinin Radiokarbon, EPR və Termolüminisent üsullarından istifadə etməklə Azərbaycandakı neolit dövrü abidələrinin tarixləndirilməsi üçün istifadə olunan materialların fiziki-kimyəvi parametrlərinin öyrənilməsi və tətbiq imkanlarının araşdırılmasından ibarət olduğunu açıqlayıb.

İddiaçı dissertasiya işinin əsas tədqiqat metodları - Radiokarbon, Termolüminisent və Elektron Paramaqnit Resonans metodları haqqında geniş məlumat verib, köməkçi metodlar kimi XDR, XRF və TG, DTG DTA üsullarından istifadə edərək tədqiqat obyektlərinin fiziki-kimyəvi xassələrindəki fəyişiklərin tədqiqini əsaslandırıb.

Tədqiqat obyektləri kimi C-14 metodu üçün – ağac kömürü, kömürləşmiş toxum və ağac parçası, TL metodu üçün – keramika, yanmış torpaq, EPR-metodu üçün diş emalı, buynuz maddəsi, ilbiz çanağı əsas götürülüb.

Seminarda dissertasiyanın iş planına uyğun olaraq tədqiqat aparılan arxeoloji ərazilərdən nümunələrin götürülməsi prosesi, istifadə olunan avadanlıqlar, habelə təcrübənin aparılması iclas iştirakçılarına video-çarx şəklində nümayiş etdirilib.

Sonda elmi işin yeniliyindən və nəticələrindən danışılıb və laboratoriya əməkdaşları tərəfindən verilən  çoxsaylı suallar məruzəçi tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: