Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2025 16:58
  • A-
  • A
  • A+

Adil Babayevin fəaliyyətinin əhatə dairəsi və mahiyyəti yaradıcılığının geniş öyrənilməsi üçün əsasdır

Adil Babayevin fəaliyyətinin əhatə dairəsi və mahiyyəti yaradıcılığının geniş öyrənilməsi üçün əsasdır

“Naxçıvan doğumlu şəxsiyyətlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin  həyat və fəaliyyətinin müxtəlif cəhətlərinin öyrənilərək seriya halında nəşrinə illər öncə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə başlanmışdır. İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun nəşrə hazırladığı “Taleyi və sənəti” seriyasının 2025-ci ildə çap olunacaq növbəti kitabı şair, publisist, dramaturq, tərcüməçi Adil Babayevin həyat və yaradıcılığına həsr olunacaq”, - bu fikirləri şairin anadan olmasının 100 illiyi münasibətilə keçirilən konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev söyləyib.

Akademik çıxışı zamanı Adil Babayevin keşməkeşli həyatından, yaradıcılığının diqqətçəkən məqamlarından danışıb. 52 il ömür sürən nasirin qısa ömrünə sığdırdığı çoxcəhətli yaradıcılığı, nəşr olunan əsərləri, səhnələşdirilən dram əsərləri, tərcümələri barədə fikirlərini dilə gətirib. 14 yaşından yaradıcılığa başlayan şairin əsərlərində dolğun əksini tapmış vətən sevgisindən, ustalıqla ifadə olunan səmimi hisslərdən söz açıb.

Bölmə sədri çıxışında A.Babayevin poemalarına, dramaturgiyasına və publisistikasına ümumi nəzər salıb, onun fəaliyyətinin əsas istiqamətlərini təhlil edib.

Konfrans filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Şair Adil Babayevin yaradıcılıq yolu”, filologiya üzrə fəlsəfə doktoru  Mehriban Sultanovanın “Adil Babayevin publisistikası” və sənətşünaslıq üzrə fəsəfə doktoru, dosent Ələkbər Qasımovun “Adil Babayev və teatr” başlıqlı məruzələrinin təqdimatı ilə davam edib.

Məruzələrdə Adil Babayevin şəxsiyyətinin əsas xarakterik xüsusiyyətlərindən, əsərlərində fakt və hadisələrə obrazlı yanaşmasından, vətənə, təbiətə sevgisinin dolğun şəkildə əksindən və başqa məsələlərdən bəhs olunub. Sonet janrına özünəməxsus nəfəs gətirən şairin publisistik məqalələri, resenziya və oçerkləri, tərcüməçilik fəaliyyəti barədə məlumat verilib. Ədəbi təhlilə cəlb etdiyi məsələlər, klassiklərimizə və öz müasirlərinə həsr etdiyi məqalələri geniş təhlil olunub. Dramaturqun teatr fəaliyyəti, tamaşaya qoyulan əsərləri, onların bədii-sənətkarlıq xüsusiyyətləri ardıcıl, əhatəli şərh edilib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: