Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.01.2024 10:51
  • A-
  • A
  • A+

“Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının təqdimatı olub

“Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının təqdimatı olub

Şəki şəhər Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov və Mirzə Fətəli Axundov adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun birgə tərtib etdikləri “Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının təqdimatı olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elmar İmamverdiyev, millət vəkili Vüqar İskəndərov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru f.ü.f.d., dos. Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini Fərhad Əzizov, professor Firədun İbrahimov və mərkəzin bütün elmi heyəti, eləcə də ADPU-nun Şəki filialının, Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Şəki Dövlət Regional Kollecin metodisti Pərviz Zeynalov “Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının əhəmiyyətli mənbə olduğu bildirib. Qeyd edib ki, kitabda tədqiqatçı alim Tağı Musəvinin (1918-2000) 1969-cu ildə “Şəki fəhləsi” qəzetində hissə-hissə çap olunmuş “Şəkinin Orta əsrlər tarixi haqqında” adlı geniş məqaləsinin elmi-tənqidi mətni, XVI-XVIII əsrlər Şəkisinə aid tərcümə etdiyi rəsmi sənədləri izahları ilə birlikdə geniş oxucu kütləsinə təqdim olunur.

Sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmar İmamverdiyev çıxış edərək nəşrin Şəkinin tarixinin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından önəmindən bəhs edib. O, kitabın təkcə Şəki üçün deyil, bütövlükdə Azərbaycan tarixşünaslığı üçün qiymətli mənbə olduğunu söyləyib, tərtibçilərə təşəkkürünü bildirib.

Nəşrin "Ön söz"ünün müəllifi, millət vəkili Vüqar İskəndərov isə çıxışında Azərbaycanın, xüsusilə də Şəkinin orta əsrlər tarixinin araşdırılmasının nəticələrindən danışıb. O, Şəkinin unikal bir bölgə olduğunu nəzərə alaraq, bu ərazi ilə bağlı məlumatların kifayət qədər olmadığını diqqətə çatdırıb. Tağı Musəvinin faktları əsasında tərtib edilən bu kitabda isə bəzi qaranlıq məsələlərə aydınlıq gətirildiyini vurğulayıb.

Vüqar İskəndərov Şəkinin ictimai-siyasi fikir tarixinin, bu prosesdə rolu və yeri olan şəxsiyyətlərin, eləcə də Şəki xanı Hacı Çələbinin həyatının, fəaliyyətinin araşdırılmasının Azərbaycan xalqının ailə dəyərlərinin bərpa edilməsi baxımından böyük önəm daşıdığını söyləyib, araşdırmaçılara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru f.ü.f.d., dos. Yusif Şükürlü kitabın həm tərtib, həm də mühüm tədqiqat işi olduğunu deyib, gələcəkdə bu istiqamətdə işlərin genişdiriləcəyinə ümid etdiyini bildirib. O, nəşrin ərsəyə gəlməsində əməyi olanları təbrik edib. 

Tədbirdə “Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının rəyçilərindən biri, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri t.ü.f.d. Vüsal Baxışov kitabın dövlətçilik tarixində önəmli yeri olan XV-XVIII əsrlər tarixini əks etdirdiyini, real faktları ortaya qoyduğunu və nəşrdə proseslərin xronoloji ardıcıllıqla izlənildiyini qeyd edib. Vurğulayıb ki, kitabda, həmçinin sosial-iqtisadi, siyasi və etnodemoqrafik məsələlər də diqqət mərkəzində saxlanılıb və gələcəkdə bu istiqamətdə tədqiqatların genişləndirilməsi, xüsusilə coğrafi adların araşdırılması üçün ilkin baza yaradılıb.

Tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli isə çıxışında nəşrdə bölgənin tarixi mahiyyətinin təkcə Osmanlı dövlətində deyil, Ərəb xilafətində də önəmli yeri və rolu olması haqqında faktların üzə çıxdığını söyləyib.

Sonda kitabın tərtibçiləri onların əməyinə göstərilən diqqət və qayğıya, verilən qiymətə görə hər kəsə təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: