Yanvarın 29-da AMEA-nın Əsas binasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi konfrans keçirilib.
Tədbir AMEA Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixində mühüm rol oynamış siyasi, ictimai və ədəbi şəxsiyyətlərin zəngin irsinin, onların həyat və yaradıcılıqlarının dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsinin ölkəmizdə strateji xətt kimi müəyyənləşdirildiyini qeyd edib. Akademik İsa Həbibbəyli ölkə başçısının bu istiqamətdə dövlət əhəmiyyətli proqramlar qəbul etdiyini bildirərək, respublikamızda “Heydər Əliyev İli”, “Nəsimi İli” və “Nizami Gəncəvi İli”nin keçirilməsinin görkəmli şəxsiyyətlərin zəngin irsinin yenidən araşdırılması və Azərbaycan dəyərlərinin dünyaya çıxması yolunda nəhəng addımlar olduğuna diqqət çəkib.
Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, bu il ölkəmizdə görkəmli ictimai-siyasi xadim, AXC-nin banilərindən biri, əsas ideoloqu, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəyə həsr edilən silsilə tədbirlərin keçirildiyini söyləyib. O, Sərəncamın icrasından irəli gələrək AMEA-da da Tədbirlər planının hazırlandığını, artıq iki elmi müəssisədə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlərin təşkil edildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin dövlət quruculuğundakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası orta əsrlər ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya Nizamişünaslığının da mühüm nailiyyətlərindəndir.
AMEA prezidenti Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” məqalələr toplusunu tarixi əhəmiyyətə malik qiymətli əsər kimi dəyərləndirib. O, həmçinin mərhum professor Şirməmməd Hüseynovun Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini qeyd edib, alimin Rəsulzadə əsərlərini 5 cilddə toplayaraq çap etdirməsini xüsusi vurğulayıb.
Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan elmi müəssisələrdə Məhəmməd Əmin Rəsulzadə irsinə diqqətin artırılmasının vacibliyini qeyd edən akademik İsa Həbibbəyli ictimai-siyasi xadimin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etmək, onun irsini daha dərindən öyrənmək, indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq və əsərlərini üzə çıxarmağın önəmini vurğulayıb. AMEA rəhbəri bugünkü tədbirdə dinlənilən məruzələrin Rəsulzadənin fəaliyyəti ilə bağlı gələcək araşdırmalar üçün zəmin yaradacağını və bu istiqamətdə tədqiqatlara mühüm töhfə verəcəyini bildirib.
Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Abid Tahirlinin “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyəti qurucuları” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqındakı yazıları, həm onun yaradıcılığını dərindən öyrənmək, həm haqqında bəhs etdiyi xadimlərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq, həm də dövrün ictimai-siyasi, ədəbi-mədəni olayları ilə bağlı təsəvvürləri zənginləşdirmək baxımından əhəmiyyətlidir. Qeyd edib ki, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin dövrünün salnaməsi kimi səciyyələndirə biləcəyimiz publisistik yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqaları haqqında publisistik məqalələri mühüm yer tutur.
Publisistik, siyasi, ədəbi-tənqidi və elmi əsərləri ilə Azərbaycanın ictimai fikir tarixində iz qoymuş Məhəmməd Əmin Rəsulzadənin çoxşaxəli irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat əsərlərinin yazıldığını deyən Abid Tahirli hazırda da bu istiqamətdə mühüm araşdırmaların aparıldığını, müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru, Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri tarix elmləri doktoru Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti”, AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d., dosent Mübariz Ağalarlı “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşündə etnik tarix və milli kimlik məsələləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəl.ü.f.d., dosent Faiq Ələkbərli “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ideyasının fəlsəfi mahiyyəti” və Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d., dosent Əfşan Səfiyeva “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin İran mərhələsi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyatından, onun Azərbaycanın ictimai fikir və istiqlal uğrunda mücadilə tarixində rolundan, həmçinin bolşevik rejiminə, kommunist ideologiyasına qarşı bənzərsiz xidmətlərindən və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.