Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı
01.02.2024 10:15
  • A-
  • A
  • A+

AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı

“Azərbaycan Milli Elmlər Akademiyası respublikanın dövlət müstəqilliyinə xidmət etməlidir və Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır”.

Heydər ƏLİYEV,

Ümummilli lider

 II məqalə

AMEA elmi yaddaşın milli sərvətə çevrilməsi yolunda

Biz, I məqalənin sonlarında qeyd etmişdik ki, AMEA müstəqil dövlətin inkişafı üçün çox böyük işlər görə bilər və elmi müasirləşmə hər kəsdən öncə bu strukturun çiyinləri üzərində mümkündür.

Bəli, hazırda AMEA-nın rəhbərliyi prosesləri məhz bu istiqamətdə aparır. Bu qurumun rəhbəri akademik İsa Həbibbəyli bütün intellektual potensialı, praktiki fəaliyyət imkanları ilə AMEA-nın Azərbaycan müstəqil dövlətçiliyinin inkişafı naminə intensiv çalışması xəttini həyata keçirir. Bu, pafoslu ritorika deyildir – hazırda AMEA-da gedən proseslərin təhlilindən yaranmış fəlsəfi-sinergetik qənaətdir.

Həmin tezisin doğruluğunu sübut etmək üçün kifayət qədər faktlarımız vardır. Akademik İsa Həbibbəyli məsələyə sırf müstəqil dövlətçiliyi, Ulu öndərin dövlət quruculuğu konsepsiyası və onun siyasi varislik prinsipi üzrə Prezident İlham Əliyevin böyük uğurla inkişaf etdirilməsi kontekstində yanaşdığından, irəli sürülən hər bir fikrin də fəlsəfi-elmi sübutu olmalıdır.

Burada qeyri-elmi və ya dayaz yanaşma keçərli deyil. Digər tərəfdən, nəzərə almaq gərəkdir ki, AMEA rəhbərliyi dövlətçilik baxımından çox ciddi məsələlərlə məşğuldur və onların fəlsəfi-elmi (o cümlədən, sinergetik) dərki arxivacibdir! AMEA perspektivli olduğu qədər də ciddi təşkilatdır! Həm də ona görə ki, Ulu öndərin müəyyən etdiyi kimi, AMEA Azərbaycanda “elmi varisliyin” daşıyıcısı olmalıdır. “Elmi varislik” anlayışı Prezidentin tam əməl etdiyi siyasi varisliyin tərkib hissəsidir. Elmi varisliyin başlıca prinsiplərini Prezident İlham Əliyev müəyyən edir və onun icrası baş təşkilat kimi AMEA-nın üzərinə düşür! Bu, şərəfli olduğu qədər, həm də məsuliyyətli bir işdir!

Burada təhlillər AMEA-nın elmi-mədəni yaddaş fenomeni kimi yaradıcı aspektdə milli sərvətə çevrilməsinə prosessual, yəni daim özünüyeniləşdirən strukturun dərki fonunda aparılır. Eyni zamanda obrazlı desək, AMEA intellektual potensialın elm naminə əyaniləşən, aktuallaşan və reaktuallaşan (təkrar-təkrar elmi tədqiqatlarda əyaniləşən, predmetləşən) məkanıdır. Bu anlamda təşkilat Azərbaycan Respublikasının elmi gerçəkliklərinin mərkəzi, avanqardı və həm də intellektual məsuliyyətini dərindən dərk edən strateji strukturlarından biridir!

Düşünürük ki, məhz bu anlamlar kontekstində AMEA Azərbaycanın elmi yaddaşı olmaqla intellektual məkanı kimi mövcudluğunun sintezini özündə ehtiva edən yeganə təşkilatdır! Sonuncu tezisə Ulu öndər Heydər Əliyevin yuxarıda deviz kimi verdiyimiz dahiyanə fikrinin işığında baxmaq istərdik. Çünki o halda AMEA-nın indiki rəhbərliyinin elmimizin dövlətçilik naminə milli sərvətə çevrilməsi yolunda sərf etdiyi böyük zəhməti dərindən duymuş və soyuq məntiqlə də dərk etmiş olarıq!

Ulu öndərin tezisinin iki aspekti

Yuxarıda gətirdiyimiz nümunədə iki fikir aspekti bir-biri ilə vəhdətdə ifadə edilmişdir. Birincisi, “Azərbaycan Milli Elmlər Akademiyası respublikanın dövlət müstəqilliyinə xidmət etməlidir”, ikincisi, “Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır”!

Ulu öndərin fundamental əhəmiyyətli tezisinin birinci hissəsi AMEA-nın ümumi strateji missiyasını ifadə edir. Dövlətçilik ənənəsi ilə elmi ənənənin qarşılıqlı əlaqəsinin məzmunundan bu strateji istiqamət müəyyən edilir. Bunun əsası Ulu Öndərin bütövlükdə elm və mədəniyyətin tarixən Azərbaycan cəmiyyəti və dövlətlərinin həyatında oynadığı roldadır.

Heydər Əliyevin çox sayda fikirlə­rində ana xətt kimi belə bir məna keçir: Azərbaycan xalqı kökdən zəkidir, ziyalıdır və fəaliyyətinin kollektiv formasında, o cümlədən, dövlət quruculuğunda daima elmə, mədəniyyətə, təhsilə, azərbaycanlı ziyalılığının aydınlığına və fəzilətinə əsaslanmışdır. Elmə verilən bu qiymət dövlətçilik baxımından çox vacib bir özəlliyi aydınlaşdırır: Azərbaycanda dövlətçiliyin təməlində mədəniyyət, mənəvi-əxlaqi dəyərlər və ziyalılığın fə­ziləti dayanır! Bu, bütövlükdə, Azərbaycan dövlətçilik fəlsəfəsinə şər-böhtan atmağa cəhd edənlərə ən tutarlı cavabdır. Eyni zamanda, əhəmiyyətli məqamdır ki, Ulu öndər dövlətçilik kontekstində cəmiyyətin elmi vəziyyətinin formalaşmasında AMEA-nı başda görmüşdür. Məhz bu anlamda alimləri çox şərəfli bir xidmətə - Azərbaycanın dövlət müstəqilliyinə xidmət etməyə dəvət etmişdir və Prezident kimi tapşırıq vermişdir, qarşıya müqəddəs vəzifə olaraq qoymuşdur!

Tezisin ikinci hissəsi bu vəzifənin işığında olduqca aktual görünür. Ulu öndər AMEA üzərinə belə bir məsuliyyət qoymuşdur: AMEA Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır! Bu isə akademiya daxilində düzgün elm siyasəti yeritməyi özündə ehtiva edir. “Elm siyasəti” dedikdə elmi tədqiqatlarda yaradıcılığı, innovativliyi, elmi fəaliyyətin təşkilinin optimallaşdırılmasını təmin etmək (qabaqcıl təcrübələri öyrənmək kontekstində), AMEA-nın struktur-funksional mövcudluğunda islahatların aparılması­na və araşdırmalarda alınan nəticələrin çevik olaraq praktiki tətbiqinə nail olmaq nəzərdə tutulur (bizim anlamımızda). Təbii ki, həmin prosesin uğurlu olması üçün həm yüksək elmi yaradıcılıq mühitini yaratmaq, həm də təşkilatın struktur və funksional imkanlarını daim inkişaf etdirmək gərəkdir.

Bizcə, məhz bu şərtlər daxilində Ulu öndərin müəyyən etdiyi anlamda AMEA Azərbaycanın milli sərvəti kimi elm-mədəniyyət yaddaşı və intellektual məkan olaraq tarixi yerini tuta bilər! Hazırda AMEA-nən rəhbərliyi bütün imkanları bu istiqamətə yönlətmişdir. Bu prosesin məzmununu və məqsədini ifadə edən bir neçə faktor mövcuddur. Onların üzərində geniş dayanaq!

“Öncə dövlət müstəqilliyinə xidmət!”

AMEA-nın indiki prezidentinin bütün çıxışlarında ifadə etdiyi ilk və ana tezis bundan ibarətdir. Akademik İsa Həbibbəyli öz elmi yaradıcı və təşkilati fəaliyyəti ilə bunun nümunəsini də göstərir. AMEA prezidentinin ictimai-humanitar elmlərin hər bir sahəsində aktual hesab etdiyi hər mövzu birbaşa müstəqil dövlətçiliklə əlaqəlidir.

Məsələn, Tarix İnstitutunda Azərbaycan dövlətçiliyinin keçmişi, bu günü və gələcəyi müstəqil dövlətçilik konseptinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş məna, məzmunu və strategiyası kontekstində araşdırılır.

Folklor İnstitutu aktiv şəkildə Azər­baycan folklorunun Ulu öndərin müəyyən etdiyi aspektlər üzrə müstəqil vətəndaş cəmiyyətinin formalaşmasında və dövlət quruculuğunda yeri və rolunu araşdırır. Bu zaman folklorun ictimai faktor kimi multikultural cəmiyyətdə birləşdirici rolu önə çəkilir.

Fəlsəfə və Sosiologiya İnstitutunda daha çox aktuallıq kəsb edən mövzular dövlətçiliyin tarixi, siyasi, fəlsəfi və ideoloji aspektlərinin Ulu öndərin müəyyən etdiyi müstəqillik fəlsəfəsi çərçivəsində müzakirə olunur. Bu zaman, AMEA prezidenti və institut rəhbərliyi Ulu öndərin “Bir millət, iki dövlət” kəlamı və azərbaycançı­lıq ideologiyası kontekstində araşdırmaların aparılmasına önəm verirlər. Həmin prizmada da Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif aspektləri fəlsəfi və siyasi-nəzəri refleksiya edilir. Bu sırada AMEA-nın rəhbəri Prezident İlham Əliyevin daxili və xarici siyasətinin vəhdətdə tədqiq edilməsinə xüsusi önəm verir.

Burada akademik İsa Həbibbəyli “Bir millət, iki dövlət” kəlamı və azərbaycançılıq ideologiyasının qarşılıqlı əlaqəsi aspektində Prezidentin həyata keçirdiyi genişmiqyaslı proqramların tədqiq edilməsinə ayrıca diqqət göstərir və lazımi istiqamətləri müəyyənləşdirir.

Bunlarla yanaşı, AMEA-da Azərbay­can Prezidentinin “intellektin milli sərvətə çevrilməsi” tezisinin fəlsəfi-tarixi, etik, estetik, sosioloji, psixoloji, siyasi-nəzəri araşdırılması getdikcə daha geniş və dərin istiqamətlərdə həyata keçirilir.

Vurğulanan ruhda və istiqamətdə AMEA-nın digər tədqiqat institutlarının da fəaliyyətindən bəhs etmək olar. Bu mühiti yaradan və istiqamətləndirən birbaşa AMEA rəhbərliyidir!

AMEA rəhbərliyinin fəaliyyətinin digər tərəfi birbaşa ölkədə elmin inkişafında aparıcı rol oynamaqla bağlıdır. Burada da maraqlı və əhəmiyyətli saydığımız bir sıra məqamların üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Elmdaxili potensial və xarici əlaqə sintezində

Öncə, onu vurğulayaq ki, bu məsələ heç də sadə və asan başa gələn proses deyildir. Ümumi səviyyədə problemə ya­naşanda onun bütövlükdə dünya elmi üçün aktuallıq kəsb etdiyini anlamış olu­ruq. Bununla bağlı Qərbdə, Rusiyada, Uzaq Şərq ölkələrində kifayət qədər ciddi elmi araşdırmalar mövcuddur. Onlarda ifadə edilən ideyaları elmin inkişafı kon­tekstində bir neçə qrupda cəmləşdirmək mümkündür. Bu, bizə baxılan problem kontekstində nəyi verəcəkdir?

Hər şeydən öncə, həmin problemlərin dünya üzrə mövcudluğu özəlliyi fonunda Azərbaycanda həyata keçirilən elmi araşdırmaların fəlsəfəsinin uğurlu olub-olmaması haqqında fikir formalaşar.

Bundan əlavə, dünyanın qabaqcıl ölkələrində nəzəri araşdırmalarla praktiki tətbiqin innovativlik kontekstində qarşılıqlı əlaqələri haqqında geniş təsəvvür yaranar.

Nəhayət, bu təsəvvürlər bizə AMEA-nın indiki rəhbərliyinin elmin inkişafında aparıcı rola necə nail olmaq istiqamətində apardığı axtarışların fəlsəfi-sinergetik dərkinə imkan verər.

Ayrıca, biz “sinergetik dərk” məsələsini gəlişi və səslənişi müasir kimi görünən ritorika statusunda işlətmirik. Sinergetik dərk keyfiyyətcə mürəkkəb prosesləri indiki mərhələdə elmi olaraq daha adekvat qavramağın səmərəli epistemoloji (ümumi və sadə halda epistemologiya - dərketmə nəzəriyyəsi, yəni idraketmə nəzəriyyəsi) sistemi kimi faydalıdır.

Təbii ki, məsələnin bu cür qoyuluşu bəri başdan Azərbaycan elminin inkişafında AMEA-nın aparıcı rol oynaması məsələsinin kompleks xarakterli olduğunun təsbitidir. Burada, da istər-istəməz, həm baxılan problemin ciddi elmi xarakterdə olmasını, həm də onun adekvat, çağdaş tələblərə cavab verən səviyyədə araşdırılması üçün fənlərarası (interdisiplinar) yanaşmaya ehtiyacın yaranmasını qəbul etmək lazım gəlir. Bu məqamdan da məsələnin daha aktual və maraqlı mərhələsi başlayır.

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: