Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 15:58
  • A-
  • A
  • A+

Yeniləşən Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması ilə bağlı müşavirə keçirilib

Yeniləşən Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması ilə bağlı müşavirə keçirilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması məqsədilə elan olunmuş müsabiqə ilə bağlı müşavirə keçirib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətin elm siyasətinə uyğun olaraq son illərdə bu elm ocağında yeni islahatlara başlanıldığını və bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini bildirib. O, yeniləşən Akademiyada həyata keçirilən islahatlar içərisində elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin yeni əsaslar üzərində qurulması, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, AMEA-nın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və onun təbliği kimi məsələlərin əsas istiqamətlərdən olduğunu vurğulayıb.

AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsində görülən işlərdən danışan akademik İsa Həbibbəyli Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, tarixinin müasir çağırışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlmiş islahatlar çərçivəsində AMEA-nın yeni Nizamnaməsinin təsdiq edildiyini, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında müvafiq olaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun yaradıldığını diqqətə çatdırıb. Alim, həmçinin dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin, həmçinin institutlarda Kadrlar şöbələrinin bazası əsasında İnsan resursları şöbələrinin, eləcə də digər şöbələrin yaradıldığını söyləyib.

Akademik İsa Həbibbəyli müasir elmin çağırışlarına, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə uyğun olaraq AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması zərurətinin meydana çıxdığını bildirib. O, bu məqsədlə AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli iclasında Akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan olunması ilə bağlı qərar qəbul edildiyini deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və dövlətçilik ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, inkişafı, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməli və yaradıcı təfəkkürün məhsulu olmalıdır.

Daha sonra müsabiqənin şərtləri barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir. Onun sözlərinə görə, müsabiqədə yalnız Akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər.

Akademiyada təsviri sənətlə bağlı 20-dən çox sərginin təşkil olunduğunu deyən AMEA rəhbəri yeni loqotipin - emblemin hazırlanması üçün elan olunmuş müsabiqənin də Akademiyada təsviri sənətlə məşğul olan əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacağını bildirib.

O, əməkdaşlar tərəfindən təqdim olunacaq AMEA-nın emblemi layihələrinin Müsabiqə Komissiyası tərəfindən qiymətləndiriləcəyini, qalib işin müəllifinin pul mükafatı ilə təltif ediləcəyini və ona müvafiq sertifikatın veriləcəyini qeyd edib.

Müzakirələrdə AMEA-nın vitse-prezienti v.i.e. akademik Gövhər Baxşəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Zülfiyyə Vəliyeva-Önlən, həmin institutun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova, “Zirvə” Ziyalılar Təşkilatının rəhbəri, AMEA-nın baş rəssam konstruktor - dizayneri Minayə Dəyanət Feyzullayeva, Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, həmin institutun aparıcı elmi işçisi memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov və kiçik elmi işçi Oksana Məmmədova, eləcə də AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılov çıxış edərək Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması istiqamətində təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: