Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“Ata yurdu” tarixinin milli məfkurəli tədqiqatçısı
12.02.2024 16:05
  • A-
  • A
  • A+

“Ata yurdu” tarixinin milli məfkurəli tədqiqatçısı

Yaqub Mahmudov – 85

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov öz araşdırma əsərləri, müəllimliyi və fəal ictimai mövqeyi ilə tanınan böyük ziyalılarımızdandır. Müdriklik yaşının zirvəsində daha əzəmətli görünən böyük alimin həyat yolu hər kəs üçün örnəkdir.

Kitablarını həvəslə oxuduğumuz, elmi məclislərdə, televiziya ekranlarında çıxışlarını hər zaman maraqla izlədiyimiz Yaqub Mahmudov iki dönəm Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı (1986–1990, 1994–2004) olub. Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin 4 cağırış deputatı (2000–2020), “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenlərinin laureatı, akademik kimi çox məhsuldar fəaliyyəti ilə daim seçilib.

1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində dünyaya gələn Yaqub Mikayıl oğlu Mahmudov 1962-ci ildə universitetin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə aspiranturada saxlanılıb. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı–XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb. 10 il ərzində Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb. Bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) dərs deyib, 1981-ci ildən sonra BDU-da işləməyə başlayıb.

Tarix fakültəsində dekan olarkən onun sədrlik etdiyi fakültə elmi şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub. Fakültənin qədim dünya və orta əsrlər tarixi kafedrasının formalaşması da onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 1991–1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan eks­pert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olu­nan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Görkəmli alim 1992–1993-cü illər­də Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb. Sonra düz 17 il AMEA-nın Tarix İnstitutunun direktoru olub. Tarixşünaslıqda ilk dəfə olaraq XV–XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını, həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomat­larının adlarını üzə çıxarıb, fəaliyyətlərini açıqlayıb, bu sahədə elmə mühüm yeniliklər gətirib.

Akademik Yaqub Mahmudov Azərbaycanın diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. O cümlədən, “Öyrənilməmiş səhifələr”, “Səyyahlar Azərbaycana gəlir”, “Odlar yurduna səyahət”, “Səyyahlar, kəşflər, Azərbaycan”, “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri”, “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı–XVII əsrin əvvəlləri)”, “Azərbaycan diplomatiyası (XV–XVII əsrlər)”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev” (həmmüəllif, 2 cilddə), “İlham Əliyev və Azərbaycan tarix elmi”, “Azərbaycan Respublikasının tarixi” (həmmüəllif, 2 cilddə), “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” (həmmüəllif), “Real tarix və “böyük Ermənistan” uydurması”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” kimi fundamental monoqrafiyalarını və başqa kitablarını çap etdirib. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”­nın baş redaktorudur. 18 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri ölkə xaricində (Moskva, London, Va­şinqton, Nyu-York, Ankara, İstanbul, Budapeşt, Buxarest, Varşava, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və başqa şəhərlərdə) nəşr olunub.

Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynamış akademik elmi rəhbərliyi ilə 72 nəfər fəlsəfə və elmlər doktoru yetirib. O, uzun illər Tarix İnstitutunda “Vətən tarixi”, “Ümumi tarix” və “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” üzrə ixtisaslaşdırılmış dissertasiya şuralarına rəhbərlik edib. Habelə diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəbləri və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini yönləndirir.

Akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Oksford Akademik Birliyinin fəxri professoru (2019) və digər çoxsaylı fəxri adlara və mükafatlara layiq görülüb. Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) Beynəlxalq Mükafat Komitəsinin 2022-ci il 23 dekabr tarixli qərarı ilə “Fenomen” (“Leonardo da Vinçi”) ordeni və “Avropada ilin alimi” beynəlxalq mükafatı ilə təltif olunub. Onun tərcümeyi-halını, həmçinin 7 beynəlxalq akademiyanın, o cümlədən İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü adları, ATEA-nın “Qotfrid Vilhelm Leybnits” medalı və “Fəxri Legion” ordeni bəzəyir.

Hörmətli ziyalımız, görkəmli alim, akademik Yaqub Mahmudova Azərbaycan elminin tərəqqisi naminə çalışmalarında və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq!

Ə.ƏLİYEV

“Xalq qəzeti”

  • Paylaş: