Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elementar zərrəciklər fizikası sahəsində tanınmış alim
13.02.2024 12:26
  • A-
  • A
  • A+

Elementar zərrəciklər fizikası sahəsində tanınmış alim

Bu ilin fevral ayında AMEA-nın müxbir üzvü professor Vəli Hüseynovun anadan olmasının 60 ili tamam olur.

Yubiley bir növ hesabatdır, dönüb arxaya baxmaqdır, yaşadığın illər ərzində nələrə nail olmusan, nələri daha yaxşı etmək olardı...

Elmlə məşğul olan insanlar üçün isə bu hesabat daha da çətin və məsuliyyətlidir. Fikirləşirsən ki, mən zəhmət çəkdiyim illərdə hansı yeniliklərə imza atmışam, elmimizə hansı töhfələri vermişəm, nə edə bilərdim ki, etməmişəm...

Bu suallar demək olar ki, elmi axtarışlarla məşğul olan alımlərin hər birini düşündürür. Belə alimlərdən biri də ömrünün otuz ildən çoxunu elmi axtarışlara sərf edən, yorulmadan fizika elminin çətin sahələrindən olan nüvə fizikasının ayrıca bölməsi – elementar zərrəciklər fizikası ilə məşğul olan AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynovdur.

Vəli Allahverdi oğlu Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş, 1984-cü ildə Praqa və Bratislava Universitetlərində və Brno Atom Elektrik Stansiyasinda istehsalat praktikası keçmiş, elə həmin ildə də Azərbaycan SSR Təhsil Nazirliyinin  göndərişi ilə Azərbaycan Dövlət Universitetindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kursuna köçürülmüş, 1988-ci ildə həmin fakültəni “Fizika” ixtisası üzrə bitirmişdir.

O, 1990-cı ildə Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş, 1994-cü ildə aspiranturanı “Nəzəri fizika” ixtisası üzrə bitirərək “Xarici maqnit sahəsində neytrino-lepton prosesləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2003-cü ildə Bakı Dövlət Universitetində “Xarici maqnit sahəsində lepton prosesləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcələrini almışdır. 2012-ci  ildən professordur.

2007-ci ildən AMEA-nın müxbir üzvüdür, 2023-cü ildə isə Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 2004-2010-cu illərdə eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki Tədqiqatlar Laboratoriyasının rəhbəri olmuşdur.

Vəli Hüseynov nüvə fizikasının ayrıca bölməsi olan elementar zərrəciklər fizikası, sahələrin kvant nəzəriyyəsi, astrofizika və kosmologiya sahələrində elmi tədqiqatlarla məşğul olur. Onun elmi işləri xarici maqnit sahəsində, o cümlədən ifratgüclü maqnitləşmiş ulduzlarda neytrino və antineytrinoların iştirakı ilə gedən lepton proseslərinin, bu proseslərdə ortaya çıxan polyarlaşma effektlərinin və spin asimmetriyalarının, adi neytron ulduzlarının, maqnitarların və ifratyenilərin qızma və soyuması ilə bağlı məsələlərinə, agır neytral bozonların və Hiqq bozonunun xassələrinin tədqiqinə həsr olunub. Son elmi tədqiqat işləri isə aşağı enerjili neytrino və antineytrinoların, o cümlədən kosmik relikt neytrino və antineytrinoların detektə olunmasına, relikt neytrino və antineytrino teleskopunun qurulması layihəsinin hazırlanmasına,  aşağı enerjili neytrino və antineytrinoların enerjisinin gücləndirilməsi və enerjinin neytrino və antineytrinolar vasitəsilə uzaq məsafələrə ötürülməsi və kristaldaxili güclü elektrik səhələrinin intensivliyinin təyin edilməsi kimi məsələlərin tədqiqinə həsr olunub.

Nüvə fizikası sahəsində onun təklif etdiyi (həmmüəlliflərlə) polyarlaşmış elektron hədəflərindən istifadə etməklə neytrinoların növünü ayırd etmək üsulu yeni nəsil neytrino detektorlarının yaradılmasında öz eksperimental tətbiqini tapmış, alimin elmi nailiyyətlərini fizika üzrə Nobel  mükafatı laureatları Deyvid Qross, Robert Laflin, Corc Şmut, Rusiya Elmlər Akademiyasının  mərhum akademiki V.G.Kadışevskinin və digər görkəmli fiziklər tərəfindən yüksək qiymətləndirilmişdir.

Vəli müəllimin elmi nəticələrinin bir qismi ABŞ-ın İllinoys Universitetində nüvə fizikası üzrə tədris olunan “Nüvə enerji mühəndisliyi” fənninə dair “Nüvə, plazma və radiasiya elmi” adlı dərsliyə daxil edilmişdir.

O, Azərbaycanda və xarici  ölkələrin nüfuzlu dövri elmi nəşrlərində və məcmuələrində dərc olunan 100-dən artıq əsərin müəllifidir. Bundan başqa, 2004-2022-ci illər ərzində Rusiya,  Yaponiya, İsveç, Böyük Britaniya və Şimali İrlandiya,  Almaniya Federativ Respublikası, ABŞ, Fransada keçirilmiş beynəlxalq konqres və simpoziumların fəal iştirakçısı olmuş və elmi məruzələrlə çıxış etmişdir.

Alimin elmi rəhbərliyi altında üç fəlsəfə doktoru yetişdirilmişdir, hazırda bir doktorantın məsləhətçisi və dörd dissertantın elmi rəhbəridir.

Vəli müəllim Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Respublikanın əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş, Beynəlxalq Eynşteyn və Akademik H.M.Abdullayev adına Mükafatlara layiq görülmüşdür. Müxtəlif illərdə Tempus, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar Fondu, Beynəlxalq Spin Fizikası Komitəsi kimi beynəlxalq təşkilatların qrantlarını qazanmışdır.

O, 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirakı ilə bağlı 2022-ci ildə Azərbaycan Respublikası Kosmik Agentliyinin fərdi səfərlər qrantına və 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakına görə 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq qrantına layiq görülmüşdür.

2010-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsində işləmiş, 2017-2018-ci illərdə Ali Attestasiya KomissiyasınIn sədri vəzifəsini icra etmişdir.

2021-ci ilin fevral ayından Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəridir, eyni zamanda, Bakı Mühəndislik Universitetinin Fizika kafedrasında əvəzçiliklə professor vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Astronomiya Jurnalının və Journal of Baku Engineering University. Physics jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Vəli müəllim öz səmimiliyi, ziyalılığı, işgüzarlığı ilə çalışdığı Fizika İnstitutu kollektivinin hörmətini qazanmışdır. İnstitutun kollektivi tanınmış alim pedaqoq AMEA-nın müxbir üzvü, professor Vəli Hüseynovu yubileyi münasibətilə təbrik edir, ona cansağlığı uzun ömür, elmi fəaliyyətində uğurlar və nailiyyətlər arzulayır.        

Səlimə MEHDİYEVA, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor                                                                             

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: