Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunda “Əl-tac fi əxlaq əl-mülük” əsərinin ərəb dilindən tərcüməsi nəşr olunub
20.02.2024 09:20
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Əl-tac fi əxlaq əl-mülük” əsərinin ərəb dilindən tərcüməsi nəşr olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda IX əsrdə Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz tərəfindən qələmə alınmış “Əl-tac fi əxlaq əl-mülük” (Şahların əxlaqı haqda Tac əsəri) kitabının ərəbcədən tərcüməsi çapdan çıxıb.

Əsəri ərəb dilindən Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırov tərcümə edib. Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır.

Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) sözügedən əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın. O bu işdə bacardığı qədər istinadlara riayət edib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif burada oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirlərin, həmçinin digər şahlar və əmirlərin yanında olan əhvalı ilə, rəftarı ilə tanış edir. O, hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı da yaddan çıxarmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: