Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

AMEA yeni mərhələdə: elmi fəaliyyətin təşkilində sinergizm
22.02.2024 12:40
  • A-
  • A
  • A+

AMEA yeni mərhələdə: elmi fəaliyyətin təşkilində sinergizm

(Prezident İlham Əliyevin çağırışları fonunda)

I MƏQALƏ

Ziyalıların, mədəniyyət xa­dimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldır­maq lazımdır. Çünki xalq hə­mişə öz ziyalıları, öz mədəniy­yəti, öz elmi ilə tanınır.

Heydər ƏLİYEV

Ümummilli lider

İnkişafın intellektual yolu

Müasir dünyamızda elmi intellekt fövqə­ladə vacib və strateji faktora çevrilmişdir. İndi alimlər bəşəriyyətin inkişafını elmdən kənar təsəvvür etmirlər. Buna “ifrat sientizm” də demək olar, əksini də iddia etmək müm­kündür. Lakin reallıq birdir: insan hər yerdə elmin nəticələri ilə üzləşir, dünyaya elmin gözü ilə baxır. Faktiki olaraq, insan övladının dünyanı görməyə “başqa gözü qalmamışdır”. Koreyalı filosof Yuk Huyi iddia edir ki, hətta, bütövlükdə, Kainat artıq “texnokosmosdur”. Yəni dünyanı elmin, texnologiyanın yaratdı­ğı mənzərə kimi dərk etməyə məhkumuq və buna görə də müasir dünyamız faktiki olaraq “texnokosmizm”dir. 

Əlbəttə, sürətlə yeniləşən və dünyanı öz uğurları ilə təəccübləndirən Azərbaycan da dövlət və cəmiyyət olaraq bu prosesdən kənarda qala bilməz. Azərbaycan həmin in­kişaf kursundan nəinki kənarda qalmır, hət­ta müəyyən edilən yeni mərhələdə inkişafın mərkəzində məhz elm və təhsili görür. Pre­zident İlham Əliyev bununla bağlı bir neçə dəfə fəaliyyət tezisləri irəli sürmüşdür. An­diçmə mərasimində də açıq və konkret me­sajlar vermişdir. 

Azərbaycan Prezidenti elm və təhsilin strateji mahiyyətini dəfələrlə açıqlamışdır. Azərbaycanın qarşısında duran iki vacib məsələdən birinin təhsil olduğunu söylə­mişdir. Andiçmə mərasimində yeni nəslin tərbiyəsini və azərbaycançılıq məfkurəsinin inkişafını ön plana çıxarmışdır. Prezident va­cib məsələlərdən biri kimi texnoloji inkişafı göstərmişdir. Texnoloji inkişafı, kibertəh­lükəsizliyi, süni intellektin tətbiqini Azər­baycanın gündəlik həyatının əlamətlərinə çevirmənin zəruriliyini ayrıca vurğulamışdır: “Əks-təqdirdə, biz geridə qala bilərik. Biz isə geridə qala bilmərik!”. 

Əlbəttə, Prezidentin yeni mərhələ ilə bağ­lı fikirlərini bütövlükdə cəmiyyət qarşısında duran mühüm vəzifələr kimi qəbul etməliyik! O cümlədən, elmlə məşğul olan qurumların, hər bir elmi yaradıcı kadrın qarşısında qoyu­lan vəzifə kimi qəbul etməliyik. 

Həmin prosesdə, şübhəsiz ki, AMEA fəal iştirak etməlidir. Azərbaycanın baş elmi qu­rumunda aparılan tədqiqatların strateji əhə­miyyəti və lazımlığını əlavə sübut etməyə ehtiyac yoxdur. Burada elmi tədqiqatların təşkili artıq yeniləşir və konkret məqsədə xid­mət edir. Onu ifadə edək ki, AMEA indi əsas olaraq sosial-humanitar sahələrdə tədqiqatlar aparır. Bu da qurumun tədqiqat strategiyasına konkret yön verir. 

Öncə onu vurğulayaq ki, müasir tarixi mərhələdə sosio-humanitar tədqiqatların strateji əhəmiyyəti daha da artmışdır. Bunun əsas səbəbi yuxarıda vurğuladığımız və ob­razlı ifadə etsək, “dünyanın və hətta Kainatın dərkinin elmiləşməsi” ilə bağlıdır. Sürətlə baş verən cəmiyyətə çevik tətbiq edilən hər yeni elmi ixtira və ya kəşfin toplumun həyatı­na göstərdiyi təsirlərin fəlsəfi, siyasi, mənəvi, əxlaqi, iqtisadi, sosial, kulturoloji, aksioloji, ideoloji və psixoloji təsirləri eyni çevikliklə geniş araşdırılmalıdır ki, bütövlükdə ölkənin inkişaf istiqamətini düzgün müəyyən etmək imkanı yaransın. Bu işin təşkilində isə sis­temli araşdırmalar aparan elmi təşkilat apa­rıcılıq etməlidir. Bu baxımdan, AMEA sosial və humanitar sahələrdə tədqiqatın taktiki, təşkilati və strateji aspektlərini müəyyən et­mişdir və həmin kurs üzrə elmi fəaliyyəti təş­kil etməkdədir. Tam mənzərənin yaranması üçün məsələnin bu tərəfi üzərində geniş da­yanmaq lazım gəlir.

Milli ideya və strateji inkişafın sintezi

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu il fevralın 13-də AMEA-nın Direktorlar Şurasının ilk iclasında yeni tarixi mərhələdə qarşıda duran başlıca vəzifənin dövlət başçısının 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində irəli sürdüyü “gələcək dövr üçün milli ide­yamızın və dövlətimizin yeni inkişaf strate­giyasının müəyyənləşdirilməsi” tezisinin hə­yata keçməsində fəal iştirak etməkdən ibarət olduğunu demişdir. Həmin bağlılıqda da AMEA-nın Humanitar və İctimai Elmlər böl­mələrinin alimlərinin üzərinə böyük məsu­liyyət düşür. Artıq Azərbaycan Prezidentinin tapşırığının yerinə yetirilməsi istiqamətində AMEA-nın Rəyasət Heyətində ilkin müza­kirələr aparılmışdır. Bundan sonra da milli ideyamızın və dövlətimizin yeni inkişaf stra­tegiyasının müəyyənləşdirilməsi istiqamətin­də qurumun elmi müəssisələrində alimlərin iştirakı ilə yeni müzakirələr keçiriləcəkdir.

Akademiyanın rəhbəri, bütövlükdə, təş­kilatda Prezidentin və çağdaş dünya elminin çağırışları fonunda araşdırmaların daha da intensivləşəcəyini bildirmişdir. Bu zaman, konkret olaraq akademik İsa Həbibbəyli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ifadə edilən müd­dəalardan irəli gələn tədqiqatlara üstünlük veriləcəyini söyləşmişdir. 

Bunlarla yanaşı, yeniləşən AMEA bey­nəlxalq miqyasda elmi əlaqələrini daha da genişləndirəcək və Azərbaycan elminin dünyanın inkişaf etmiş hissəsinin elminə inteqrasiyasını daha da sürətləndirəcək. Bu istiqamətlər üzrə də dəqiq fəaliyyət proqram­ları işlənmişdir. Bir sıra nüfuzlu elm mərkəz­ləri ilə əməkdaşlıqla bağlı razılaşmalar əldə olunmuşdur. Ayrıca, türk dövlətlərinin elmi qurumları ilə əlaqələr yeni səviyyəyə yüksəl­dilir. Bu özəllik Prezidentin Türk dünyası ilə bağlı andiçmə mərasimindəki nitqində irəli sürdüyü strateji vacib tezisin (“Bizim ailəmiz Türk dünyasıdır” və “bizim başqa ailəmiz yoxdur”, ona görə də Türk Dövlətləri Təş­kilatının gücləndirilməsi zəruridir) mahiyyə­tinə və məqsədinə tam uyğundur. 

Şübhə yoxdur ki, Türk Dövlətləri Təşkila­tının gücləndirilməsində əsas istiqamətlərdən biri də elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdən ibarətdir. Məhz həmin aspektdə AMEA-nın indiki rəhbərliyi bütün gücü ilə çalışır, çox maraqlı ideyalar və layihələr fəaliyyət proq­ramları statusunda hazırlanır. O cümlədən, Azərbaycan alimlərinin türk dövlətlərindəki yüksək indeksli beynəlxalq elmi jurannallar­da əsərlərinin dərc edilməsi ilə bağlı konkret addımlar atılır. 

Bütün bunlar, təbii ki, AMEA-da elmi idarəetmə prosesində də yeniliklərin olması­nı tələb edir. Onlar da artıq konkret müəyyən edilmişdir. Akademik İ.Həbibbəyli həmin ye­nilikləri aşağıdakı kimi təsnif etmişdir:

- İdarəetmənin və aparılan islahatların çe­vikliyinin artırılması;

- elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi;

- meydana çıxan problemlərin səmərəli həll yollarının axtarılması;

- AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması;

- təcrübə mübadiləsinin aparılması;

- elmi tədqiqat işlərinin müasir tələblərə uyğun aparılması üçün yeni mexanizmlərin işlənib hazırlanması;

- birgə elmi və elmi-texniki tədbirlərin təşkili;

- elmi fəaliyyətin və cari idarəetmənin təkmilləşdirilməsi ilə bağli Direktorlar Şurasının yaradılması. 

Elmi tədqiqatların təşkili kontekstində konkret 8 yeniləşmə istiqamətinin müəyyən edilməsi AMEA rəhbərliyinin məsələyə sis­temli, elmi və məntiqi yanaşdığını göstərir. Çünki həmin istiqamətlərin fəlsəfi-sinergetik analizi göstərir ki, onlar arasında daxili mən­tiqi əlaqə, məzmun həmahəngliyi və eyni strateji məqsəd mövcuddur. Məsələnin bu aspekti üzərində geniş dayanaq. 

Yeniləşmənin 8 istiqaməti

Burada “sinergizm” dedikdə vurğulanan yeniləşmə istiqamətlərinin məzmun, reallaş­ma və məqsəd baxımından bir-biri ilə elə sis­temli əlaqələrdə olmalarını nəzərdə tuturuq ki, yekunda “sinergetik effekt” əmələ gəlsin. Yəni, AMEA bütöv və tam halda inkişafedən sistem kimi fəaliyyət göstərsin və bu cür funk­sionallıq elmi-praktiki səmərə versin. Demə­li, “sinergizm” burada gəlişigözəl termin kimi işlədilmir. O, konkret praktiki reallaşma nəticəsində nəticə verən kompleks xarakterli prosesin ümumnəzəri ifadəsidir. AMEA-da yeniləşmə istiqamətlərinin seçilməsi də məhz nəzəri ilə yanaşı, praktiki səmərəyə nail olun­ması prinsipinə əsaslanmışdır. Biz məhz bu cəhəti fəlsəfi-elmi və məntiqi arqumentlərlə sübut etməyə çalışacağıq. 

Öncə, vurğulanan istiqamətlərin yeniləş­mənin müxtəlif aspektlərini necə ifadə etdik­lərinə baxaq. 

Əminik ki, AMEA rəhbərliyi məsələyə sistemli və müasir elmi fəaliyyətin krite­riyaları prizmasında yanaşmışdır. Belə ki, yeniləşmədə elmi fəaliyyətin təşkili ənənə­vi disiplinarlıq (fənni) prinsipi üzrə deyil, “Elm haqqında” Qanunun başlıca müd­dəaları əsasında müəyyən edilmişdir. Daha konkret desək, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikasının 12 may 2023-cü il tarixli qanun-layihəsinin 5.2.-ci maddəsində “11.3-cü maddədə “elmin müxtəlif sahələri” sözləri “onun fəaliyyət is­tiqamətləri” sözləri ilə əvəz edilsin”, 5.5-ci maddəsində “11.6-cı maddədə “elmin müxtə­lif sahələri” sözləri “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin” və “5.7-ci maddəsin­də “11.9-cu maddəyə “elm sahəsində” söz­lərindən əvvəl “fəaliyyət istiqamətləri üzrə” sözləri əlavə edilsin” yazılmışdır. 

Burada əsas məqam ondan ibarətdir ki, qanunda “elmin müxtlif sahələri” ifadəsi daha çox disiplinar elmi fəaliyyətə uyğundur, onun “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edil­məsi isə interdisiplinar (fənlərarası) elmi fəa­liyyətə uyğundur. Buna görə də düzəliş elmi tədqiqatların təşkilini disiplinar bölgüyə görə deyil, müxtəlif elmlərin qarşılıqlı əlaqəsinə, elmi tədqiqatların sintezinə və fəaliyyətin kompleks təşklinə əsaslanmağı nəzərdə tutur. 

Onu da xatırladaq ki, həmin dövrdə Milli Məclisin “Elm və təhsil” komitəsinin sədri akade­mik İsa Həbibbəyli idi. Bu isə o deməkdir ki, elmdə aparılan islahatlarda AMEA rəhbəri faktiki olaraq aparıcı rol oynayır. Bütün bun­ların fonunda AMEA-nın müəyyən etdiyi 8 yeniləşmə istiqamətinin daxili bağlılığını an­lamaq olar. 

Burada ilk önəmli məqam islahatların və idarəetmənin çevikliyinə vahid konteks­tdə baxılmasından ibarətdir. Onlar aktual məsələlərin geniş müzakirəsi əsasında apa­rılmalıdır. Yəni, elmi fəaliyyətin təşkilinin bütün çalarları geniş müzakirələr əsasında formalaşacaq yeni yanaşmaların yalnız idraki (koqnitiv) deyil, həm də idarəetmə və fəa­liyyətin təşkili aspektlərinin sintezi fonunda müəyyən olunur. Bu isə o deməkdir ki, faktiki olaraq elmi tədqiqatların təşkili əsasında alı­nan fənlərarası elmi biliklərin qiymətləndiril­məsi nəzəri aspektlə idarəetmə aspektlərinin vəhdətində aparılmalıdır. Müasir mərhələdə dünyanın inkişaf etmiş ölkələrində elmi tə­dqiqatın təşkili ilə elmi biliyin qiymətləndi­rilməsi analoji mexanizmə əsaslanır. 

Nümunə kimi, hazırda Qərbdə elmin təşkili perspektivlərində xüsusi rol oynayan Beynəlxalq Elmi Şuranın mövqeyinə baxaq. Bu təşkilatın elmdə məsuliyyət və azadlıq üzrə Beynəlxalq Elmi Şura Komitəsi 2021-ci ildə “XXI əsrdə azad və məsuliyyətli elmi praktikaya müasir baxış” adlı çox maraqlı məruzə hazırlamışdır. Bu məruzənin Azər­baycanda “Elm haqqında” Qanuna edilən dəyişikliklərin ana ideyası olan – “elmi fəa­liyyətə qoyulan məhdudiyyitələrin ləğv edil­məsi”, tezisi ilə səsləşən aspekti azad və mə­suliyyətli elmi fəaliyyətə üstünlük verməklə bağlıdır.

(ardı var)

Füzuli QURBANOV,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: