Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

23.02.2024 10:00
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli DSX-nin Xüsusi Məktəbinin kursantları ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli DSX-nin Xüsusi Məktəbinin kursantları ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin kursantları AMEA Rəyasət Heyətində olublar.

AMEA-nın Rəyasət Heyətinin tarixi binası ilə tanış olan kursantlara binanın inşa olunma tarixi barədə məlumat verilib. Vaxtilə İsmailiyyə sarayı adlandırılan bu binanın əsasının tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulduğu və binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyi qonaqların nəzərinə çatdırılıb. Bildirilib ki, Müsəlman Xeyriyyə Cəmiyyəti üçün nəzərdə tutulmuş binanın layihəsini polyak memarı, mülki mühəndis İosif Ploşko hazırlayıb. Həmçinin Azərbaycan Elmlər Akademiyası yarandığı gündən bu quruma rəhbərlik etmiş bütün prezidentlər barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Daha sonra DSX-nin Xüsusi Məktəbinin kursantları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşüblər.

Akademik İsa Həbibbəyli kursantların bu elm ocağına ziyarətinin AMEA həyatında fərqli səhifə olduğunu və bu görüşün iki qurum arasında körpü rolunu oynadığını söyləyib. Fevralın 21-də Akademiyada Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə baş tutan görüşü xatırladan alim bugünkü tədbirin qələmlə-silahın, ordu ilə ziyalının birliyinin, həmçinin elmlə silahlı qüvvələrin həmrəyliyinin əyanı sübutu olduğunu vurğulayıb.

AMEA rəhbəri 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildiyini diqqətə çatdırıb. O, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsinin ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbiti olduğunu deyib. Akademik İsa Həbibbəyli milli tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığını, həmçinin 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyini bildirib. O, 15 oktyabr 2023-cü il tarixində Xankəndidə Dövlət Bayrağımızın ucaldılmasının çoxillik böyük arzularımızın ənənəsi olduğunu qeyd edib.

“Müasir müstəqil Azərbaycanın dinamik inkişafının, Vətən müharibəsində qazanılan tarixi qələbənin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, - deyən AMEA prezidenti bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi-ideoloji xətt, dövlətçilik istiqaməti Azərbaycan dövlətinin bütün dövrlər üzrə əbədi yol xəritəsidir.

Alim Prezident İlham Əliyevin fevralın 14-də  Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı ötən 20 ildə Azərbaycanın qazandığı uğurları əsaslı şəkildə diqqətə çatdıraraq hədəfləri açıqladığını və ölkəmizin davamlı inkişafını şərtləndirən amillər sırasında texnoloji tərəqqini xüsusi qeyd etdiyini söyləyib. XXI əsrin dünyada yeni elmi inqilab və texnoloji inkişaf çağı hesab olunduğunu deyən akademik İsa Həbibbəyli tarixə yeni nəsil müharibə kimi düşmüş İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarından, müasir silah və texnikalardan  geniş istifadə edildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri kursantlara vətənpərvərlik keyfiyyətlərinin formalaşdırılmasının vacibliyini qeyd edib, peşəkar, vətənpərvər, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsinin önəmini vurğulayıb.

Sonra çıxış edən DSX-nin Xüsusi Məktəbinin müəllimi Cabir İsgəndərov səmimi qəbula və qonaqpərvərliyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: