Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azad və ədalətinə qovuşan Xocalı
26.02.2024 10:06
  • A-
  • A
  • A+

Azad və ədalətinə qovuşan Xocalı

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim dəmir yumruğumuz birliyimizi, gücümüzü təcəssüm etdirir. Rəşadətli Ordumuzun qəhrəmanlığı ilə başqalarına həyat verib, ölümə qalib gələn igidlərimiz döyüş meydanlarında düşmənə heç vaxt arxa çevirməyiblər. Onlar amalları uğrunda ölərək əbədi yaşam haqqı qazanıblar. Şəhidlik zirvəsinə yüksəlməklə bildiriblər ki, ölümdən qorxmayan millətə ölüm yoxdur. Bakıda 20 Yanvarda qırğın törədən imperiya qoşunlarının, “qızıl ordu”nun tərkibində paytaxtımıza daxil olan ermənilərin qarşısına yalın əllə çıxaraq, düşmənə baş əyməyən, dilimizə şəhidlik sözünü gətirən, azadlıq uğrunda qurban gedən qəhrəmanlarımız Xocalı soyqırımında da mətanət göstərdilər. Ən ali zirvə sayılan şəhidlik zirvəsinə, haqqa qovuşdular, düşmənə arxa çevirmədilər. Bakıdan ümidlə gözlədikləri yardım gəlməsə belə Xocalını cüzi silahlarla son dəqiqəyə qədər qorudular, amma səngərləri tərk etmədilər. 30 ilə yaxın müddətdə bizim torpaqlarımızı işğal altında saxlayan hiyləgər düşmənə təslim olmayan, son gülləsi ilə özünü öldürən oğullarımız qanları ilə qəhrəmanlıq salnaməmizə əyilməzlik, mərdlik dastanları yazdılar.

29 il keçməsinə baxmayaraq Xocalının işğalı zamanı erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə olaraq, illər keçdikdə qaysaq bağlamayan yaralar göynəyir, Azərbaycan xalqına qarşı soyqırımı törədənlərə nifrət artır. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 29 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Ali Baş Komandan, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı  döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, “qana-qan” deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur. 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə dünyanın tanınmış 30-a yaxın KİV-lərinə müsahibəlrində Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir: “Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq Qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.”

Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı qələbə nümayiş etdirən Rəşadətli Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi  qovdu. Bir gündə Xocalını qana boyayan,  şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: “…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.”

44 gün davam edən Vətən müharibəsi döyüşlərində Rəşadətli Azərbaycan Ordusunun düşmənə vurduğu ağır  zərbələr haqqın, ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi davam etdiyi müddətdə döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Bərdəni və digər yaşayış məntəqələrini   raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Həmin şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran azərbaycanın güclü iradəsi, qüdrətli ordusu vardır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızın qısamüddətli müharibə ilə  işğaldan azad olunması 1992-ci ilin 26 fevralında Bakıdan kömək gözləyən xocalıları  təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara, hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi. 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, paytaxtda keçirilən Zəfər paradı Xocalı soyqırımı qurbanlarının, Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə yetirilən soydaşlarımızın ruhuna hörmətdir. Əsgərlərimiz Xocalıda hərbi cinayət törədən, faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu, bölgədə sabitliyin qorunması təmin edildi. “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq” söyləyən Ali Baş Komandan İlham Əliyevin mətin iradəsi, Azərbaycan Ordusunun qırılmaz əzmi, ordu-xalq- iqtidar birliyi Ermənistana heç vaxt unuda bilməyəcəyi tarixi dərs oldu.

Artıq 4 ildir ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları  rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə  yad edilir.

İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi  günəş, bükülməz qolumuz, Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: