Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2024 15:14
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Neft və Qaz İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsinin qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neft və Qaz İnstitutun icraçı direktoru g-m.e.d, professor Vaqif Qurbanov bildirib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.

Sonra institutun əməkdaşları Qəhrəman Qəhrəmanov, Pünhan Səmədli, Rahilə Əliyeva və Sahilə Nəsibova çıxış edərək Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildiriblər. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı uzun illər ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Onlar bizim soydaşlarımıza qarşı qətliam  törətməklərinə baxmayaraq, biz onları anti-terror əməliyyatından sonra onların istəkləriylə Ermənistana humanistcəsinə yola saldıq.

Tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli tərəfindən hazırlanmış Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: