Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan tarixində İlham Əliyev epoxası
07.03.2024 12:08
  • A-
  • A
  • A+

Azərbaycan tarixində İlham Əliyev epoxası

Ermənistanla münaqişə

Danışıqların uğursuzluğu

Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair ilk danşıqlar ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlamışdır.

1994-cü ildən başalayan bu danışıqların 2003-cü ilədək olan dövründə həmsədrlər tərəfindən münaqişənin həlli üçün “paket” (iyun 1997), yəni o zamankı terminlə Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi; “mərhələli” (1 sentyabr 1997), yəni mü­naqişənin mərhələlərlə nizama salınması və dünya praktikasında olmayan “ümumi dövlət” layihəsi (no­yabr 1998) irəli sürülmüşdür. Bu layihə ilə danışıqlar dalana dirəndiyi üçün həmsədrlərin təklifinə əsasən, danışıqların Azərbaycan və Ermənistan prezidentləri daimi nümayəndələri səviyyəsində davam etdrilməsi qərara alınmışdır. İlk belə görüşlər 2002-ci ilin mart və iyul aylarında Praqada keçirilmişdir.

İlham Əliyev prezidentliyə başladıqda vəziyyət belə idi. 2004-cü ilin aprelindən isə danşıqlar Praqa­da xarici işlər nazirlərin iştirakı ilə davam etdirilmiş­dir. Bu görüşlərin ilk mərhələsi 2006-cı ilin fevralına­dək davam etmişdir. Bu görüşlər seriya xarakterində olduğu üçün “Praqa prosesi” adını almışdır. Bu danışıqlarda nizamlanmanın baza prinsipləri hazır­lanmış, 2007-ci ilin noyabrında Madriddə xarici işlər nazirlərinə təqdim edilmiş və “Madrid prinsipləri” ad­landırılmışdır. Danışıqlar getdikcə formal xarakter al­mış və işğalın legitimləşdirilməsinə xidmət etmişdir.

Ermənistan hakimiyyəti bu yol ilə mövqeyini daha da möhkəmləndirməyə çalışmışdır. Ona görə də siyasi strukturun dəyişdirilməsi yolu ilə bunu da­vam etdirmək istəmişdir. Bu, əks-nəticə vermiş və hakimiyyət 2018-ci ilin mayında Qarabağ klanından siyasi hadisələrin sonrakı əsas fiquru Nikol Paşinya­nın əlinə keçmişdir.

Baş nazir N.Paşinyan da sələfləri kimi hakimiy­yətini möhkəmləndirmək üçün Qarabağ kartından istifadəni əsas vasitə kimi görürmüşdür. Bu, iki is­tiqamətdə həyata keçirilmişdir. Bir tərəfdən, özü və hökumət üzvləri (Parlament sədri, müdafiə naziri və b.) danışıqların ruhuna zidd bəyanatlar vermiş, digər tərəfdən hərbi təxribatlara əl atılmışdır. Bu bəyanatlar içərisində N.Paşinyanın “Qarabağ Ermə­nistandır, nöqtə” avantürası açıq-aşkar danışıqların sona çatdığı anlamına gəlmişdir. Azərbaycan Pre­zidenti İlham Əliyev buna “Qarabağ Azərbaycandır, nida!” hökmü ilə cavab vermiş və belə bir yanaşma ilə barışmadığını bir daha təsdiq etmişdir.

Beləliklə, İlham Əliyev qətiyyəti ilə, siyasi leksiko­na daxil olan terminlə deyilsə, bu “filoloji müharibə”­də qalib gələrək hərbi variantda qələbənin əsasını qoymuşdur. Bu bu “şüar savaşı” onu da göstərmişdir ki, müharibənin yeni – odlu fazasına keçilməsi uzaq deyil.

Lokal “savaşlar”da ciddi qələbələr

Ermənistan–Azərbaycan münaqişəsi ətrafında danışıqların davam etdiyi dövrlərdə ermənilərin təx­ribatı nəticəsində hərbi toqquşmalar da baş verirdi. Onlardan biri 2016-cı ilin 1–5 aprelində baş verən və tarixə “ 4 günlük müharibə” kimi daxil olan savaş idi. Bu müharibə Rusiyanın müdaxiləsi ilə dayandırılsa da Azərbaycan silahının parlaq qələbələrindən biri oldu. Müharibənin gedişində bir sıra ərazilər, o cüm­lədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edildi. Dövlət başçısı bu kəndin azad edilməsi və orada həyata keçirilən quruculuq işlərinə 2 oktyabr 2020-ci ildə Əl-Cəzirə telekanalına müsahibə­si zamanı yüksək qiymət verərək demişdir: “Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir”.

N.Paşinyan hakimiyyətə gəldikdən sonra Azər­baycandan “yeni torpaqların işğalı” doktrinası irəli sürüldü. 2020-ci ilin iyulunda münaqişə bölgəsindən kənarda, Azərbaycanın qərbində yerləşən Tovuz rayonu istiqamətində genişmiqyaslı hücum əmə­liyyatı təşkil edildi. Azərbaycan Ordusu bu hüçümu dəf etdikdən sonra, ölkə ərazisinə təxribat qrupu göndərildi və onlar da zərərsizləşdirildi. Prezident İlham Əliyev həmin hadisələrlə bağlı qeyd etmişdir ki, “Xüsusilə keçən ilin (2020-ci il–K.Ş.) iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi”.

III. Vətən müharibəsi

İlham Əliyevin xalqa müraciəti

Ermənistan silahlı qüvvələri 2020-ci il sentyab­rın 27-də Azərbaycana qarşı yeni hücum təşkil etdi. Bu tarixə Vətən müharibə adı ilə yazılan II Qarabağ savaşının başlanğıcı oldu. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüv­vələrinin Azərbaycana geniş miqyaslı hücüm əmə­liyyatına qarşı əks-hücum əməliyyatları ilə cavab vermək barədə tarixi qərar qəbul etdi və Azərbaycan üçün Vətən müharibəsi başlandı. İlham Əliyev mü­haribənin ilk anlarından etibarən onun aparılmasının bütün məsuliyyətini Ali Baş Komandan kimi öz üzə­rinə götürdü.

Elə həmin gün xalqa müraciətlə çıxış etdi. Çıxış­da deyilirdi ki, “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlar­dan, o cümlədən, ağır artilleriyadan istifadə edərək bizim yaşayışməntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəti­cəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Or­dusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmə­nin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”. Çıxış bu cümlələr­lə bitirdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir”. Ali Baş Komandan İlham Əliyev elə bu inamla da xalqı qələbəyə apardı. Müharibənin gedişi zama­nı xalqa 8 dəfə müraciət edən İlham Əliyev xüsusilə həyəcanlı olan ilk müraciətindən etibarən müharibə­nin gedişinə dair məlumatları və baxışlarını xalq ilə bölüşməklə, onun qələbəyə səfərbər edilməsinə nail oldu.

Ölkə müharibə relsində

Prezident İlham Əliyevin rəhbərliyi altında müha­ribənin ilk günündən ölkənin hərbi relsə keçirilməsi üçün tədbirlər görüldü. Prezidentin sədrliyilə 2020-ci il 27 sentyabrda Təhlükəsizlik Şurasının iclası ke­çirildi. Elə həmin gün Respublikada hərbi vəziyyət elan edilməsi haqqında Prezident fərmanı elan edil­di. Sentyabrın 28-də isə qismən səfərbərlik və hərbi vəziyyət dövründə komendant saatının tətbiqinin hə­yata keçirilməsinə dair sərəncam verildi.

Müharibənin taleyi döyüş meydanlarında həll edilirdi. Ona görə də, ən ümdə məsələ müharibənin strategiya və taktikası ilə bağlı idi. Azərbaycan əv­vəlki döyüş əməliyyatlarından fərqli olaraq bu dəfə qəti şəkildə işğal altındakı torpaqlarını azad etmək istəyirdi. Tətbiq olunan taktikaya gəldikdə Prezident, Ali Baş Komandan İlham Əliyev bu barədə belə de­mişdir: “Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifa­də etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün ye­nilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək”.

Ermənistan əsas əks-hücum istiqamətinin mərkəzdən, Ağdamdan olacağını düşündüyü hal­da, Azərbaycan hərbi rəhbərliyi şimal və cənub is­tiqamətlərinə üstünlük vermişdir. Prezident 3 oktyabr 2021-ci ildə Suqovuşana səfəri zamanı demişdir: “Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöq­teyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedi­şatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik”.

Bununla birgə, Ağdam əməliyyatı da nəzərdə tutulmuş, lakin sonrakı mərhələyə saxlanmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyev Ağdama səfərləri zamanı bu məsələyə aydınlıq gətirmişdir. O demişdir: “Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləş­dim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zən­gilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün”.

Bu taktikaya aydınlıq gətirən dövlət başçısı ağ­damlılara xitabən bildirmişdir: “Çünki əgər biz bu is­tiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etmə­yimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu is­tiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamış­dıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanla­rını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürülən­dən sonra mənim göstərişimlə növbəti istiqamət Ağ­dam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.

Prezident 2020-ci il noyabrın 23-də Ağdama səfəri zamanı bu məsələyə bir daha toxunmuşdur: “Burada (Ağdamda.-K.Ş.) beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin...Müharibə­nin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı plan­laşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq”.

Azərbaycanın hərbi rəhbərliyi tərəfindən müha­ribə tələblərinə uyğun olaraq, bəzən hərbi əməliyyat planları şəraitə uyğun şəkildə yenidən nəzərdən ke­çirilmiş və ya dəqiqləşdirmələr aparılmışdır.

Dövlət – Ordu – Xalq birliyi

II Qarabağ müharibəsində qələbənin təmin edil­məsində Prezident İlham Əliyev tərəfindən dövlət, ordu və xalqın vahid qüvvə kimi birləşdirilməsinin təmin edilməsi tarixi qələbənin əldə edilməsində böyük rol oynadı. Prezident İlham Əliyevin siyasəti dünyanın tərəqqipərvər qüvvələri tərəfindən də rəğ­bətlə qarşılanmışdır. Bütün bunlar dünyanın müxtəlif yerlərindən Azərbaycan Prezidentinə ünvanlanan müraciətlərdə də öz əksini tapmışdır.

Ölkənin siyasi partiyaları da Prezident İlham Əliyevin siyasətini dəstəkləmiş, müharibə dövründə bir neçə dəfə bununla əlaqədar kollektiv bəyanatla çıxış etmişlər. 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı gündə 52 siyasi partiyadan 50-si birgə bəyanat imzalayaraq, Azərbaycan Prezidenti ətrafında birləşdiyini bəyan etmişdir. Müharibənin gedişi zamanı Fransanın an­ti-Azərbaycan mövqeyinə qarşı, Gəncənin Ermənis­tan silahlı qüvvələri tərəfindən top atəşinə tutulması­na qarşı da birgə bəyanatlar verilmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyat planlarının hazırlanması və həyata keçiril­məsinə şəxsən rəhbərlik etmişdir. Onun rəhbərlyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsin­də oktyabrın 7-si və 25-də opertaiv müşavirə keçi­rilməsi haqqında mətbuatda məlumatlar verilmişdir.

30 illik işğala son

Sentyabrın 27-də, elə ilk hücum zamanı Ermə­nistanın işğalı altında 6 kənd azad edildi, lakin son­rakı günlərdə düşmənin müqavimətini qırmaq üçün qızğın döyüşlər baş verdi. Əsas döyüşlər Talış kəndi və Suqovuşan ətrafında gedirdi. Prezident demiş­dir: “Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə– keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksək­liklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsin­də Talışı və Suqovuşanı işğaldan azad etdi.

Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi – 6 kənd, oktyabrın 3-nə qə­dər isə hər hansı bir yaşayış məntəqəsi azad edilmə­mişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə 8 kəndin azad edilməsi, o cümlədən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.

Hərbi əməliyyatların şimaldan cənuba keçirilməsi böyük hərbi üstünlüyü təmin etdi. Bunun nəticəsi idi ki, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, bütövlükdə isə 300-dən çox yaşayış məntəqəsi Ermənistan işğalından azad edilmişdir. Azərbaycan Silahlı Qüvvələri ən müasir tələblərə cavab verən silahlardan, PUA-lardan səmərəli şəkildə istifadə etmişdir. Bununla eyni zamanda, Şuşanın azad edil­məsi zamanı hərb tarixinin ənənələri müasir yanaş­ma ilə zənginləşdirilmişdir.

Ali Baş Komandan tərəfindən Azərbaycanın mə­dəniyyət mərkəzlərindən biri olan Şuşanın azad edil­məsi zamanı dağıdıcı silahlardan istifadə edilməmə­si barədə ayrıca göstəriş verilmiş, buna əsasən də xüsusi əməliyyat planı hazırlanmışdır. Azərbaycan Ordusunun xüsusi təyinatlıları yüngül silahlarla sərt qayalardan keçərək, Ermənistanın möhkəm müdafiə sistemi yaratdığı Şuşaya daxil olmuş, şəhəri demək olar ki, əlbəyaxa döyüşdə azad etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Şuşa əməliyyatı bey­nəlxalq aləmdə də geniş əks-səda yaratmışdır. Prezi­dent demişdir: “Təkcə Şuşanın işğaldan azad edilmə­si əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq”.

Müharibənin gedişində Azərbaycan əsgər və za­bitləri inanılmaz qəhrəmanlıq nümayiş etdirmişdir. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bütün müha­ribə boyu bir addım da geri çəkilməmiş, azad edilən heç bir yaşayış məntəqəsini düşmən geri ala bilmə­mişdir.

 

Azərbaycan Ordusu 44 gün ərzində 2904 nəfər şəhid vermişdir ki, onlardan 1001 nəfəri zabit və idarəedici heyət, 1898 nəfəri əsgərdir. Bu faktlar göstərir ki, zabit və əsgər heyəti birlikdə necə qəhrə­manlıq göstərmişdir.

Ermənistanın müharibə cinayəti

Ermənistan ilk günlərdən müharibənin aparıl­ması haqqında beynəlxalq sənədlərə, o cümlədən, 1949-cu il Cenevrə konvensiyalarına zidd addım­lar atmağa başlamışdır. Ermənistan öz ərazisindən Azərbaycanın müharibə zonasından kənarda olan yaşayış məntəqələrini atəşə tutmuş, mülki əhali ara­sında itkilər törədilmişdir. Azərbaycanın sağlamlıq mərkəzlərindən biri olan Naftalan şəhəri bir dəfə, Tərtər rayon mərkəzi və kəndləri 9 dəfə, Ağdam rayonu 2 dəfə, respublikanın ikinci böyük şəhəri və sənaye mərkəzi olan Gəncə şəhəri 6 dəfə, Cənubi Qafqazda ən böyük SES-in yerləşdiyi Mingəçevir şəhəri 2 dəfə, Bərdə şəhəri 4 dəfə, bütövlükdə, mül­ki əhali 24 dəfə atəşə məruz qalmışdır. Bu barbar aktlar nəticəsində 94 nəfər mülki şəxs, o cümlədən qadın, uşaq və yaşlı adam həlak olmuş, 400 nəfər yaralanmış, mülki obyektlərə ciddi ziyan dəymişdir.

Ermənistan dinc əhaliyə hücumu ilə panika ya­ratmaq, arxa cəbhəyə zərbə vurmaqla birgə, Azər­baycanı həmin atəş nöqtələrinə əks-zərbə ilə təhrik edərək, provakasiyaya çəkmək məqsədi güdürdü. Bu yol ilə bir tərəfdən Azərbaycanı dünya ictimaiyyəti qarşısında qınaq obyektinə çevirməyə, digər tərəf­dən Ermənistan ərazisinin hücuma məruz qalması iddiası ilə MDB-nin Kollektiv Təhlükəsizlik Müqavilə­si Təşkilatını müharibəyə cəlb etmək istəyirdi.

Kərim ŞÜKÜROV, AMEA Tarix İnstitutunun baş direktoru, professor

“Xalq qəzeti”

  • Paylaş: