Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.03.2024 14:05
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə, maksimal sinifli alışma 3599 oblastındakı M7.43 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II və IV tip radioemissiya, radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar baş vermişdir. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 77 ləkə müşahidə olunur. Günəşin səthində Yer istiqamətində kiçik Tac Dəliyi qeyd olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 591 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -13 nT olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normaldır (389 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 4 nT, radial istiqamətdə isə -3.5 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub,  geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (11-17 mart) C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin 11-12 martda Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə  bir qədər artacağı sonra isə normala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin 11-12 martda Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə qeyri-sabit və sakit səviyyələrdə olacağı gözlənilir. 13 martda isə TKA-nın təsiri ilə G1 (zəif)  səviyyəsinə yüksəlməsi ehtimalı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: