“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi dekabrın 2-də Bakıda öz işinə başlayıb.
Bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirəcək. Sərginin iştirakçıları arasında “ACER”, “Avirtel”, “Azercell Telecom”, “Azerkosmos”, “Azerfon”, “Azqtel”, “Airbus”, “Bakcell”, “BestComp Group”, “CISCO”, “Delta Telecom”, “Digital Source”, “HP”, “Huawei”, “IBM”, “LENOVO”, “R.I.S.K. Company”, “SAP”, “SINAM”, “Smart Systems Technology”, “Softline International”, “Schneider”, Sumqayıt Tenologitya Parkı, “Teleradio”, “Ultra Technologies”, “ZTE” və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distribyutorları var. “Eurodesign” şirkəti ardıcıl olaraq ikinci ildir ki sərginin qeydiyyat sponsorudur. İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.
Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir və onların əksəriyyəti Azərbaycanın İKT bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Beləliklə, bu il sərgidə ilk dəfə olaraq “AVAYA”, “Google”, “Laboratoriya Kasperskoqo” və digər aparıcı dünya şirkətləri iştirak edirlər.
Sərgidə təqdim olunan 2015-ci ilin əsas tendensiyaları sırasında İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internet üzrə həll variantı, 4-5G mobil texnologiyalar, fiber-optik texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər, elektron hökumət, “Smart Azerbaijan” layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır. Sərgidə “Azerspace-2” ikinci telekommunikasiya peykini kosmik fəzaya buraxmağa hazırlaşan “Azercosmos” şirkəti kosmik texnologiya üzrə yenilikləri təqdim edir. İKT sahəsinin gündəlik həyat tərzinin müxtəlif sahələrinə fəal şəkildə nüfuz etməsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər sərgidə insanın gündəlik həyat və məişətini asanlaşdıran müxtəlif qadjetlərin təqdimatını keçirəcək.
Bunların arasında müxtəlif mobil tətbiqlər (“Azercell”), kiçik qurğu sayəsində daşıma, qoşma və 200-dən artıq kanalı izləməyə imkan verən səyyar kabel televiziyası (“Caspian Telecom”), sıfırdan müştəri mərkəzlərinin, eləcə də məlumat bazası üzrə sistemlərin və digər zəruri ofis proqramı və şəbəkələrinin yaradılması (“Avirtel”); rəqəmsal dünyanı uşaqlar üçün təhlükəsiz edən yeni texnologiyalar (“Kaspersky Lab”), istənilən televizoru “SMART” televizora çevirməyə və televizora on günlük arxivlə baxmağa imkan verən “MyvideoSmartBox” avadanlığı (“AG Telekom”) və s. yer alır.
Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində bir sıra seminarlar keçiriləcək. 3 dekabr tarixində 2 seminar: “Furukawa praktiki seminarı: fiber-optik kabellər və optik lifin qaynaq texnologiyaları üzrə aparıcı həll variantları” (“Furukawa Electric” şirkəti) və “Mükəmməl rabitə” (“Smart Network Group” şirkəti) seminarları keçiriləcək. “CISCO” şirkəti arzu edən hər kəsi 4-5 dekabr tarixində keçiriləcək “CCNA marşrutlaşdırma və kommutasiya” (saat 11:00-da), “Linux” (saat 12:30-da), “Əşyaların interneti” (saat 14:00-da) maarifləndirici təlimlərə dəvət edir.
“Azercosmos” və “Arianespace” şirkətləri arasında “Azerspace-2” ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması “Bakutel 2015” sərgisinin işgüzar proqramı çərçivəsində keçiriləcək mühüm tədbirlərdən birinə çevriləcək. İmzalama mərasimi Bakı Ekspo Mərkəzində “Azercosmos” şirkətinin stendində keçiriləcək.
Sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, IT texnologiyalarından istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və viktorinalar gözləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir