Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı
20.03.2024 11:58
  • A-
  • A
  • A+

Milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı

Azərbaycan xalqının ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Bu bayram təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, o cümlədən, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.

Azərbaycanda təbiət bayramı – Novruzun dövlət səviyyəsində qeyd edilməsi eyni zamanda ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı ölkəmizdə hər il möhtəşəm şəkildə qeyd edilir. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Öz müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi.

20 mart 1998-ci ildə məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ümummilli lider Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərlə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Bizi dünyaya məğrur millət olaraq tanıdan və ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Qeyd edək ki, bizi irəlidə işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Belə ki, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik. Xalqımızın qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Artıq Novruz bayramı haqqında aparılan uğurlu dövlət siyasəti nəticəsində dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri yüksək təqdirəlayiqdir. 2004-cü il avqustun 13-dən Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətə başlamışdır. Həmin müddətdən görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. Belə ki, 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin VI Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Eyni zamanda 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində Azərbaycan xalqının milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

Novruz bayramının özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Azərbaycan xalqının Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə 4 bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Milli  bayramımız olan Novruz bayramında təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ümummilli lider Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Saflıq, təmizlik, həmrəylik, barışıqbayramı olan Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Biz artıq Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayırıq.

Bakının, bölgələrimizin, ən əsası işğaldan azad olunmuş ərazilərin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: