Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2024 09:20
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Elm gününə həsr olunan konfrans keçirilib

Gəncə Bölməsində Elm gününə həsr olunan konfrans keçirilib

Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən 27 mart – “Elm günü”nə həsr olunmuş konfrans keçirilib. 

Konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan meydana gələrək, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Bölmədə bu əlamətdar gün münasibətilə düzənlənmiş sərgidə Gəncə alimlərinin nailiyyətləri nümayiş olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elm gününə həsr edilmiş konfransda açılış nitqi ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Akademik Fuad Əliyev çıxışında, həmçinin Gəncə və bölgədəki tədqiqatların istiqamətləri haqqında danışıb, eləcə də elmi tədqiqat ocaqlarının maddi-texniki bazasının, onların cihaz və avadanlıq təchizatının yaxşılaşdırılması məsələsinin vacibliyinə toxunub. 

Gəncə  şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Elm günü münasibətilə təbriklərini çatdırıb, alimlərimizin müstəqilliyimizin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. O, həmçinin respublikamızın, o cümlədən onun ikinci şəhəri Gəncənin elmi potensialının yüksək olduğunu qeyd etməklə, alimlərin öhdəsinə Vətənimizin iqtisadi və sosial inkişafı naminə böyük vəzifələr düşdüyünü bildirib.

Konfransıda AMEA Gəncə Bölməsinin, eləcə də Elm və Təhsil Nazirliyinin nəzdində  fəaliyyət göstərən qurumların alim, mütəxəssis və tədqiqatçıları – “Gəncənin maarifçi ədəbiyyatşünasları”, “İctimai elmlər üzrə fəaliyyət göstərmiş əslən gəncəli olan görkəmli elm xadimləri”, “Qərb regionunun kimyaçı akademikləri”, “Azərbaycan kimya elminin baniləri”, “Qərb regionunun aqrar və biologiya üzrə tanınmış elm xadimləri” və ”Fizika-riyaziyyat elmləri üzrə tanınmış gəncəli alimlər” adlı mövzular üzrə çıxış ediblər.

Akademik Fuad Əliyev konfransda çıxış və iştirak edənlərə təşəkkürünü bildirib, həmçinin bu elmi görüşün materiallarının kitabça şəklində çap olunmasını tapşırıb.

Konfransda, həmçinin elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara Elm günü münasibətilə Fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Tədbirin sonunda Elm Gününə həsr olunmuş konfransın iştirakçıları adından AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə müraciət qəbul edilib.

Qeyd edək ki, akademik Fuad Əliyevin təşəbbüsü ilə, hər il Gəncədə Elm günü keçirilən tədbirlərin davamlı olaraq Gəncə ilə bağlı olan tanınmış akademiklərin - tibb elmimizin görkəmli nümayəndəsi Zülfüqar Məmmədovun, Azərbaycan elektroenergetika elminin banisi Çingiz Cuvarlının və aqrar elmimizin inkişafında öz izi olan Məmmədtağı Cəfərovun şəhərin qədim “Səbzikar” qəbristanlığındakı məzarları da ziyarət olunub.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: