Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.07.2024 09:11
  • A-
  • A
  • A+

Professor Şəfəq Əlibəylinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Professor Şəfəq Əlibəylinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli şərqşünas alim, muzeyin Komparativastika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəylinin 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Mərasimdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, yubilyarın ailə üzvləri və dostları, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov yubilyarın mənalı ömür yolundan, səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb.

Professor Şəfəq Əlibəylinin uzun illərdir muzeydə fəaliyyət göstərdiyini deyən akademik Rafael Hüseynov onun AMEA tarixində, eləcə də təhsil şəbəkəsində xüsusi yeri olduğunu bildirib. Qeyd edib ki, nəğməkar şair, ictimai xadim Ənvər Əlibəylinin ailəsində dünyaya göz açan Şəfəq Əlibəyli uşaqlıqdan şeirin, mənəvi abu-havanın içərisində böyüyüb. O, BDU-nun Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil alıb. Oxuduğu müddətdə Lenin təqaüdünə layiq görülüb, 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Alim dilçilik üslubiyyatı, leksikologiya və leksikoqrafiya sahəsində farsdilli mənbələr əsasında tədqiqatlar aparıb.

Akademik Rafael Hüseynov yubilyarın 1960-1970-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin həyatındakı rolundan, Əfqanıstanın Kabil şəhərində tərcüməçi kimi təcrübəsindən, həmçinin bədii tərcümlər sahəsindəki uğurlarından, orta çağda yaranmış ədəbi-mənəvi irsin araşdırılması sahəsindəki fəaliyyətindən danışıb. O, şeirin Şəfəq Əlibəylini ən etibarlı yol yoldaşı kimi həyatı boyunca müşahidə etdiyini söyləyib.

Professor Şəfəq Əlibəylinin 2004-cü ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinə uğurla rəhbərlik etdiyini deyən akademik Rafael Hüseynov alimin gənc mütəxəssislərin yetişməsində, onların elmə marağının artırılmasında böyük xidmətləri olduğunu bildirib.

O, professor Şəfəq Əlibəylini taleyini özü formalaşdıran, həyatın verdiyi imkanlardan bacarıqla bəhrələnən fədakar elm adamı kimi xarakterizə edib. 

Yubilyarın yüksək insani keyfiyyətlərindən danışan akademik Rafael Hüseynov əsl alim və insan ömrü yaşamış Şəfəq Əlibəylinin həyatının, əməllərinin gənc nəsil üçün layiqli örnək olduğunu vurğulayıb, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Muzeyin direktoru "Sözümüz" adlı təbrik ünvanını yubilyara təqdim edib.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın müşaviri akademik Möhsün Nağısoylu, Şərqşünaslıq İnstitutunun əməkdaşı fil.ü.f.d. Laura Orucova, BDU-nun Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov, həmin fakültənin dosentləri Əsmətxanım Məmmədova və Nüşabə Əlizadə, fakültənin professoru Çimnaz Mirzəzadə, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı professor Raqub Kərimov, dosent Tofiq Cahangirov, yubilyarın bacısı Şəlalə Əlibəyli və başqaları çıxış edərək Şəfəq Əlibəylinin 75 illik həyatının sadəlik, müdriklik və zənginliklə birləşdiyini vurğulayıblar.

Çıxış edənlər Şəfəq Əlibəylinin xeyirxah və nəcib insan, dəyərli ziyalı, fədakar alim, bacarıqlı təşkilatçı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən əsl vətəndaş olduğunu söyləyib, yubilyarın yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirib, ona yeni uğurlar arzulayıblar.

Sonda professor Şəfəq Əlibəyli tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, yaradıcılığına verdikləri yüksək dəyərə görə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: