Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə hazırlıq məqsədilə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə keçirilib.
Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə Komissiyanın yaradıldığını və Tədbirlər planının müəyyən edildiyini söyləyib. Diqqətə çatdırılıb ki, 2025-ci ilin mart ayında AMEA-nın yaradılmasının 80 ili tamam olacaq və Akademiyanın təsis edilməsi Azərbaycan xalqının elmi və ictimai fikir tarixində, sosial-mədəni tərəqqisində, ölkəmizin inkişafında mühüm rol oynayıb.
AMEA rəhbəri yubiley münasibətilə “Elm” nəşriyyatında çap olunacaq biblioqrafiya və monoqrafiyaların, xüsusilə akademik və müxbir üzvlər, fəxri və xarici üzvlər, görkəmli elm xadimləri haqqında ensiklopedik məlumatların yer alacağı “Simalar” kitabının, tanıtma broşürlərinin, yubiley tədbirlərində iştirakı nəzərdə tutulan xarici ölkələrin akademik qurumlarının ilkin siyahısının hazırlanması barədə müzakirələr aparıb. Həmçinin Akademiyanın tarixindən bəhs edən sənədli filmin və elektron təqdimatların hazırlanması vəziyyəti ilə tanış olan AMEA rəhbəri yubileylə bağlı bir sıra zəruri tədbirlərin yüksək səviyyədə təşkili barədə müvafiq tövsiyələrini çatdırıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın 80 illik yubileyi ilə bağlı Rəyasət Heyəti aparatının binasında yaradılmış “Akademiya muzeyi”nə də baxış keçirib, muzeyin eksponatlarla zənginləşdirilməsi, eləcə də zəruri avadanlıqlarla təchiz olunması barədə tapşırıqlarını verib.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.