Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” adlı monoqrafiya nəşr olunub
28.03.2024 14:34
  • A-
  • A
  • A+

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” adlı monoqrafiya nəşr olunub

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun “Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” adlı monoqrafiyası çap edilib.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan əsərdə 2012-ci ildə ölkə başçısı tərəfindən təsdiq edilmiş Azərbaycanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının, 2016-cı ildə təsdiqlənmiş Strateji Yol Xəritəsinin və regional dövlət proqramlarının icra səviyyəsi araşdırılıb.

Monoqrafiyada Azərbaycanda sənayeləşmənin inkişaf konsepsiyası, sənaye sektorunun, o cümlədən emal sənayesinin mövcud durumunun təhlili və qiymətləndirilməsi, sənaye parklarının və sənaye məhəllələrinin, aqroparkların və aqrar sektorda kooperativlərin yaradılması, regionların tarazlı inkişafında sənayeləşmənin rolu, ölkədə investisiya resurslarının formalaşması və istifadəsi, hökumətin investisiya siyasətinin xüsusiyyətləri, qeyri-neft emal sənayesinin xarici ticarət əlaqələri, ölkənin sənaye sahəsinin və məhsulunun rəqabətqabiliyyətinə aid məsələlər, sənayeləşmənin investisiya təminatı, Azərbaycanın sosial-iqtisadi inkişafının institusional tənzimləmə problemləri, sahəvi və ərazi klasterlərinin yaradılması istiqamətləri əks etdirilmişdir. 500 səhifəlik əsərdə iqtisadi strukturun formalaşdırılmasında beynəlxalq təcrübə (Yaponiya, Çin, Cənubi Koreya, Avropa ölkələri və s.), ölkədə emal sənayesinin xammal bazası, ondan səmərəli istifadənin istiqamətləri, sənaye siyasəti, iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual problemlər araşdırılır, şərh edilir və müvafiq təklif və tövsiyələr irəli sürülür.

Müstəqillik dövründə Azərbaycanda sənaye sektorunda, xüsusilə emal sənayesində əldə edilən uğurlar, yerli xammal və resurslardan istifadə, investisiyaların iqtisadi-sosial səmərəliliyi ətraflı araşdırılıb. Müəyyən edilmişdir ki, 2022-ci ildə 1995-ci illə müqayisədə sənayedə məhsul istehsalı 4 dəfə, o cümlədən emal sənayesində  3,8 dəfə artmışdır. 2022-ci ildə 2003-cü ilə nisbətən respublikanın emal sənaye məhsulunun istehsalı 1,5 dəfədən çox artmış, ölkənin sənaye məhsulunda onun xüsusi çəkisi 2022-ci ildə 21% -ə qədər yüksəlmişdir.

Statistik informasiyaların təhlili və qiymətləndirilməsi ilə zəngin olan bu əsərdə göstərilir ki, 2004-2022-ci illərdə bütün maliyyə mənbələrindən ölkə iqtisadiyyatına 306 milyard dollardan çox investisiya qoyulmuşdur. Onun 50,7 faizi daxili investisiyalar olmuşdur. Bütün bu mənbələr hesabına 2003-2022-ci illərdə 335 sənaye obyekti, o cümlədən 279 qeyri-neft emal sənaye obyekti tikilib istifadəyə verilmişdir. Qeyri-neft emal sənaye obyektlərinin 91 faizi regionlarda yaradılmışdır. İşdə göstərilir ki, 2003-2022-ci illərdə hökumət tərəfindən qeyri-neft emal sənaye sektorunun inkişafına xüsusi diqqət yetirilmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sənaye sahələrinin də davamlı inkişafına şərait yaratmışdır.

Əsərdə emal və aqro-emal sektorlarının istehsal və xammal bazasının və onlar arasında səmərəli dəyər zəncirinin formalaşdırılmasına geniş tövsiyələr verilmişdir.

Kitab 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz və unudulmaz xatirəsinə həsr edilib.

Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub.. Müəllifin tövsiyələri mərkəzi idarəetmə orqanları, elmi-tədqiqat mərkəzləri tərəfindən iqtisadi siyasətin, iqtisadi inkişaf proqramlarının hazırlanmasında, habelə ali təhsil müəssisələrində istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: