Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.04.2024 11:24
  • A-
  • A
  • A+

Tələbələr Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər

Tələbələr Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər

BDU-nun Kimya fakültəsinin və ATU-nun “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçirlər.

Tələbələr Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının dosenti Aybəniz Quluyevanın alunit şlamının turşu ilə işləməklə komponentlərin məhlula çıxımına temperaturun təsiri və oksidləşmiş mis filizinin tərkibində olan bir sıra metalların təyini prosesləri haqqında  verdiyi məlumatla, Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının aparıcı elmi işçisi Yaqub Nağıyevin tələbələrə müasir “Agilent  technologies 7890B” xromotoqraf aparatından istifadə qaydaları və maddələrin analiz proseslərinin aparılması haqqında verdiyi məlumatlarla, Ekoloji kataliz laboratoriyasının böyük elmi işçisi k.ü.f.d., Bilqeyis İsmayılovanın praktikada istifadə olunan mövcud metal katalizator növlərinin strukturu, katalizatorlardan istifadə xüsusiyyətləri və ən son metodlar haqqında məlumatlarla tanış olublar.

Sonra tələbələr Monooksigenaz reaksiyalarının modelləşdirilməsi laboratoriyasında katalitik oksidləşmə proseslərinin aparıldığı axınlı reaktora malik laboratoriya qurğusunun quraşdırılması ilə tanış olaraq, qaz fazalı ilkin xammalın və maye halda H2O2 məhlulunun reaktora daxil edilməsi və onların sürətlərinin tənzimlənməsi prosesini  maraqla  izləyiblər.

Sonda Nadir metalların kompleks birləşmələri laboratoriyasında aparıcı elmi işçi dosent Şahnaz Qəhrəmanova tərəfindən neytral mühitdə 2 valentli Mn kompleksinin alınma prosesi əyani olaraq tələbələrə göstərilib.

Eyni zamanda tələbələr Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar laboratoriyasında ərimə-qarışdırma üsulu ilə müxtəlif qatılıqlarda bentonit-polipropilen və bentonit-polietilen kompozit materiallarının sintezi prosesində iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: