Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Günəş sisteminin kiçik göy cisimləri, kometlər” mövzusunda məruzə dinlənilib
19.04.2024 16:12
  • A-
  • A
  • A+

“Günəş sisteminin kiçik göy cisimləri, kometlər” mövzusunda məruzə dinlənilib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Günəş sisteminin kiçik göy cisimləri, kometlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə kometlər, onların tarixi və klassifikasiyası, müvafiq kataloqlar barədə informasiya verilib. Kometlərin fiziki xüsusiyyətləri, orbitlərinin dinamikası və mənbəyi barədə qısa informasiya verən Əyyub Quliyev, daha sonra son onilliklərdə kometlərə göndərilmiş kosmik missiyalar, xüsusilə Rozetta proqramının yerinə yetirilməsi mərhələləri və proyektin nəticələrini şərh edib. Günəşətrafı kometlərin əmələ gəlməsi barədə hipotezdən söhbət açan alim, həmçinin naməlum X planetinin axtarışında kometlərin verə biləcəyi informasiyanın incələnməsindən və bu istiqamətdə aparılan elmi tədqiqatlardan danışıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: