AMEA-nın Şəki Regional Elmi Mərkəzi (REM) və Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya və sağlam landşaft uğrunda” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin direktoru Elmir Məmmədəliyev tədbirin ölkə başçısının “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı keçirilən tədbirlərin önəmindən danışıb, birgə əməkdaşlıq üçün liseyin rəhbərliyinə təşəkkürünü bildirib. O, ətraf mühitin qorunması məsələsinin Azərbaycan Respublikasının Konstitusiyasında hər birimizin vəzifə borcu kimi təsdiqləndiyini söyləyib.
Fərhad Əzizov, həmçinin iqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb.
Direktor müavini çıxışının sonunda müxtəlif layihələrin - təmizlik və ağacəkmə aksiyaları, çay yataqlarının təmizlənməsi, su ehtiyatlarından səmərəli istifadə və s. liseylə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib.
Tədbirdə Şəki REM-in Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Urbanizasiya probleminin ekologiyaya təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi urbanizasiyanın yaranma səbəbləri, taraz və nataraz urbanizasiya, urbanizasiya prosesi və onun idarə edilməsi, urbanizasiya və ekoloji mühit, insan fəaliyyətinin yerin ilkin və potensial landşaftlarını kökündən dəyişməsi kimi mühüm məsələlərdən danışıb. O, eyni zamanda, urbanizasiyanın təsiri nəticəsində yaranan ekoloji problemlərin aradan qaldırılması üçün təkliflərini səsləndirib.
Daha sonra Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin Coğrafiya müəllimi Yusif Yusifli “Azərbaycanın meşə ehtiyatları” mövzusunda məruzəsini təqdim edib. Planetimizin, o cümlədən Azərbaycanın meşə ehtiyatları barədə məlumat verən məruzəçi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsindən, COP29 konfransının Azərbaycanda keçirilməsinin qlobal əhəmiyyətindən danışıb.
“Təmiz ətraf mühitin formalaşmasında dövlət-vətəndaş əməkdaşlığının rolu” adlı məruzə ilə Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev çıxış edib. O, ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun zəruriliyindən bəhs edib, dövlət orqanları ilə yanaşı, ziyalıların da bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov “Bərpa olunan və bərpa olunmayan enerji qaynaqları” mövzusunda çıxış edərək insanların həyatında enerjinin əhəmiyyətindən, yenilənə bilən texnologiyaların regional, milli və qlobal səviyyələrdə ətraf mühit hədəflərinə çatarkən enerji təhlükəsizliyinə töhfə verə biləcəyindən danışıb.
Sonra mövzular ətrafında şagirdlərin sualları cavablandırılıb.
Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin direktoru Elmir Məmmədəliyev tərəfindən AMEA-nın Şəki Regional Elmi Mərkəzinə birgə əməkdaşlığa görə Fəxri fərmanı təqdim edilib. Həmçinin Şəki REM-in nəşri olan kitablar liseyin kitabxana fonduna hədiyyə olunub.
Tədbirdə Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin 6-cı sinif şagirdləri Nuranə Atazadə, Dəniz Səmədzadə maraqlı çıxışları ilə yadda qalıblar. Bundan başqa, Zərifə Kərimbəyli, Rasif Abdullayev Hüseyn Arif və Məmməd Araz yaradıcılığından şeirlər səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.