AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov dekabrın 10-da Parisdə Fransa Elmlər Akademiyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbərinin müavini xanım Miryam Leruks və həmin qurumun xarici əlaqələr üzrə rəsmisi Sezar Manrike Milla ilə görüşüblər.
Görüş zamanı AMEA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, iki ölkə alimləri arasında mövcud əlaqəlar, aparılan elmi tədqiqat işləri geniş müzakirə olunub. Həmçinin hər iki elmi qurumun fəaliyyətində oxşar və fərqli istiqamətlər qarşılıqlı təhlil edilərək, əməkdaşlıq perspektivləri müəyyən edilib.
AMEA ilə əməkdaşlığı yüksək dəyərləndirən Fransa Elmlər Akademiyasının nümayəndələri birgə fəaliyyətin hər iki ölkə üçün böyük töhfə verəcəyinə əminliklərini qeyd ediblər.
Görüşdə, həmçinin Akademiyalar arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasına dair ilkin razılıq əldə edilib.
Qeyd edək ki, 1666-cı ildə Fransanın o zamanki kralı Lüdoviq XIV təşəbbüsü ilə yaradılan və gələn il artıq 350 illiyini qeyd etməyə hazırlaşan Fransa Elmlər Akademiyası dünyanın bir çox ölkəsinin ali elmi qurumu ilə əməkdaşlıq edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir