AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovla görüşüb.
AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli Akademiyada müxtəlif sahədə - tarix, şərqşünaslıq, arxeologiya, əlyazmalar istiqamətində çalışan alim və mütəxəssislərin elmi fəaliyyətlərindən əlavə, təsviri sənətlə, rəsm işləri ilə də məşğul olduqlarını, peşəkar yaradıcılığa bərabər olan əsərlər ərsəyə gətirdiklərini bildirib.
Rəssamlıq sənətinə xüsusi maraq göstərdiyini və Akademiyada bu sahəyə geniş meydan açıldığını qeyd edən akademik İsa Həbibbəyli AMEA-da bu günə kimi Ulu Öndər Heydər Əliyevə, akademik Zərifə xanım Əliyevaya, Qarabağa, Şuşaya, “Nizami Gəncəvi İli”nə, ümumilikdə isə 21 mövzuya həsr edilmiş sərginin təşkil olunduğunu, alimlərin öz mənəvi zənginliklərini ifadə etdikləri bu əsərlərin kitab halında işıq üzü gördüyünü söyləyib.
Akademik İsa Həbibbəyli sənətşünaslıq sahəsinə də ciddi diqqət yetirdiyini, Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadənin, Tahir Salahovun, həmçinin Molla Nəsrəddin” jurnalının karikatura ustası Oskar Şmerlinqin yaradıcılığına dair tədqiqatlar apararaq sanballı məqalələr yazdığını qonağın diqqətinə çatdırıb. Həmçinin Xalq rəssamı Fərhad Xəlilovun yaradıcılığını və onun üslubunu xarakterizə edən “Rənglərin və izmlərin qovşağında” adlı məqalə də yazdığını xatırladıb.
AMEA rəhbəri Əlyazmalar İnstitutunun əməkdaşının müəllifi olduğu və akademik Zərifə xanım Əliyevaya həsr olunmuş rəsm əsərini qonağa nümayiş etdirib.
Xalq rəssamı Fərhad Xəlilov isə öz növbəsində AMEA rəhbərinə qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Akademiya əməkdaşlarının təsviri sənətlə məşğul olmalarını yüksək qiymətləndirib, zəruri dəstəyi verməyə hazır olduqlarını söyləyib.
Daha sonra akademik İsa Həbibbəyli qonağa xatirə hədiyyəsi təqdim edib.
Görüşdən sonra akademik İsa Həbibbəyli və Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrə baxış keçirərək mülahizələrini bildirib, qənaətlərini diqqətə çatdırıblar.
Qeyd edək ki, Xalq rəssamı Fərhad Xəlilov AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqənin Müsabiqə Komissiyasının üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.