Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

16.05.2024 14:38
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində görkəmli mətnşünas və biblioqraf Salman Mümtazın ekspozisiyasının açılışı olub

Ədəbiyyat Muzeyində görkəmli mətnşünas və biblioqraf Salman Mümtazın ekspozisiyasının açılışı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində Azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtazın ekspozisiyasının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru akademik Rafael Hüseynov bu il anadan olmasının 140 illiyinin qeyd edildiyi Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Salman Mümtaz ömrünü folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanmasına sərf edib.

Diqqətə çatdırılıb ki, görkəmli mətnşünas uzun illər apardığı araşdırmalar əsasında “El şairləri” adlı ikicildlik kitab çap etdirib, klassik ədəbiyyatımızın görkəmli simalarından Qövsi Təbrizi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı və başqaları haqqında sanballı məqalələr çap etdirib, klassiklərin elmi-tənqidi mətnlərini hazırlayıb. O, ədəbi sərvətlərimizi toplamaq üçün bütün mümkün yollara əl atıb.

Bildirilib ki, görkəmli ədib 1910-cu ildən “Molla Nəsrəddin” və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış edib. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəyib. Salman Mümtazın arxivində “Kitabi Dədə Qorqud” da daxil olmaqla 238 əlyazma olub. Bunların içərisində indinin özündə də Azərbaycan ədəbiyyatşünaslığına məlum olmayan divanlar varmış.

Akademik Rafael Hüseynov böyük türk oğlu Salman Mümtazın keşməkeşli həyatından da bəhs edilib: “Salman Mümtaz 1937-ci ildə xalqımızın bir sıra görkəmli şəxsiyyətləri kimi repressiyaya məruz qalıb. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideoloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirdilər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilib və həbs olunaraq, ağır işgəncələrə məruz qalıb. 1941-ci ildə isə güllələnib. Onun həbsi zamanı vaxtilə topladığı 270 əlyazma məhv edilib. Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib".

Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə araşdırdığını deyən akademik Rafael Hüseynov ədibin şəxsi kitabxanasında olduğunu, evinə gedib-gələn alimlərin şəhadətinə əsasən tərtib edilmiş 258 addan ibarət siyahını da o vaxt ilk dəfə gördüyünü bildirib. Vurğulayıb ki, 23 ilin içində o, 20 adda kitab buraxdırıb.

Alim qeyd edib ki, Azərbaycanın repressiyaya məruz qalan digər şair və yazıçılar kimi, Salman Mümtazın da xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Bu fədakar şəxsiyyətin Azərbaycan ədəbiyyatının klassiklərinin zəngin irsinin gələcək nəsillərə çatdırılması naminə gördüyü işlər unudulmayacaq.

Tədbirdə tədqiqatçı-alim Şəlalə Hümbətova, S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova özünü Azərbaycan ədəbiyyatına fəda etmiş böyük şəxsiyyət - Salman Mümtaz yaradıcılığı haqqında məlumat veriblər.

Sonda Salman Mümtazın nəvəsi şərqşünas-alim Urxun Qalabəyli babasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: