“Biz qələbəni şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
...Oktyabrın 21-də qərargah rəisi tapşırığı elan etdi və özü də şəxsi heyətlə birlikdə döyüşə yollandı. Hava qaralmağa başlamışdı. Qərargah rəisi hər zabit və gizirin ardınca 10 əsgərin təpəni aşdıqdan sonra iki istiqamətdə hərəkət etmək əmrini verdi.
Bölük komandiri Vəli qərargah rəisindən iki addım irəlidə gedirdi. Hamıdan cəld qabağa düşən Mahsun Vəlinin arxasında idi. Üçüncü tağımın komandiri şəhid olduğundan hərəkəti ikinci tağımın komandiri, baş leytenant Elnur Talıbov tənzimləməyə başlamışdı. O, bir qədər irəlilədikdən sonra ikinci dəstəyə başçılıq edirdi. Onlar Vəligillə paralel, 10-15 metr aralıda, əsasən düzənlik sahə ilə irəliləyirdilər. Gündüz həmin ərazidə avtomobillə, hər hansı nəqliyyat vasitəsilə hərəkət etmək erməni hədəfinə tuş gəlmək demək idi. Tapşırığın ona görə gecə saatlarında icra əmri verilmişdi. Döyüşə atılacaq dəstələrin sağdan və soldan müdafiəsini təmin etmək məqsədilə iki bölmə tapşırığı yerinə yetirməyə gedirdi. Elnur Talıbovun əsgərləri sol istiqamətdə hərəkət edirdi.
Havada ay, ulduz yox idi. Zərrə qədər işıq görünmürdü. Hər tərəfə vahiməli, qatı qaranlıq çökmüşdü. Ətrafda tam sakitlik hökm sürürdü. Az qala əsgərlərin ayaqlarının altındakı otun xışıltısı belə eşidilirdi. 40-45 nəfər şəxsi heyət çəkinmədən, mətin addımlarla irəliləyirdi. Ehtiyat tədbiri olaraq hərdən dayanıb yerə çökürdülər. Bir neçə saniyədən sonra yenidən hərəkətə davam edirdilər.
Dəmir və yaxud məftilə oxşar bir şey Mahsun və döyüş yoldaşlarının ayağına dolaşdı. Adlayıb üstündən keçdilər, yollarına davam edib, təxminən bir saatdan sonra kiçik təpənin arxasına çatdılar. Artıq yol bitmişdi. Qərargah rəisi ikinci kalonun başında duran Elnur Talıbovu yanına çağırıb arxada yerləşmək üçün istiqamət göstərdi və şəxsi heyət mövqe seçməyə başladı...
Oktyabrın 22-nə keçən gecə saat 3 radələri olardı. Elnur arxadan gələn heyətin yanına qayıtdı. Onlar məlumatı bir-birinə ötürməli idilər. Bu proses heç bir dəqiqə çəkmədi. Hər tərəf sükuta qərq olmuşdu. Elə yerləşmək istəyirdilər ki, bir göz qırpımında bütün yer, göy işıqlandı, sanki günəşin parıltılı şüaları ətrafa yayıldı. Düşmən, çox güman ki, gecəgörmə cihazları ilə əsgərlərimizin yerini müəyyən etmişdi. Bizimkilər düşmən üçün sanki ekran kimi görüntüdə idilər. Erməni tərəfi işıqlı silahı buraxmışdı. Artıq, demək olar ki, hər şey gec idi. İşığın havada parlaması, əsgərlərimizin görünməsilə düşmən iki istiqamətdən - ön və sol tərəfdən müxtəlif çaplı silahlardan, avtomat, snayper və minamyotlardan istifadə edərək mərmi və güllələri döyüşçülərimizin üzərinə yağdırmağa başladı.
Qəlbi Vətən sevgisi, Vətən eşqi ilə döyünən ərənlərimiz cəld yerə uzandılar, silahlarının qundağını sinələrinə sıxıb düşmən tərəfi atəşə tutdular. Şiddətli döyüş gedirdi. Ön mövqedə olan Mahsun və yoldaşları düşmənə qan uddururdular. Havanı işıqlandıran fişəng isə sönmək bilmirdi. Üç-beş dəqiqə bu mənzərə davam etdi. İşıqlı mərmilər sanki yağış kimi igid oğullarımızın üstünə yağırdı. Təxminən 20-30 dəqiqəlik amansız atışmadan sonra şəxsi heyətin əksəriyyəti şəhidlik zirvəsinə ucaldı.
Elnur adlı əsgər sürünə-sürünə arxaya keçib komandir Elnur Talıbova yaxınlaşdı. O, qərargah rəisinin, bölük komandirinin, tərbiyəvi işlər üzrə bölük komandiri müavininin və çoxsaylı əsgərlərin adını çəkərək şəhid olduqları haqqında məlumat verdi. Onların arasında Mahsun da var idi.
Birinci kalondakı qəhrəmanların şəhidliyi sayəsində ikinci kalonda olan yaralıların həyatı xilas edildi. Yeganə güllə dəyməyən əsgər Elnur idi. Qalanları ya şəhid olmuşdu, ya da yaralanmışdı. Baş leytenant Elnur Talıbov yaralıların təpənin arxasına keçməsinə göstəriş verdi.
Az sonra onun yanında təkcə əsgər Elnur Məmmədli qalmışdı...
Yalnız noyabr ayının 4-də Qubadlı rayonu mənfur ermənilərdən tam təmizləndikdən sonra şəhidlərimizin nəşi ərazidən götürüldü. Həmin gün Mahsun Bağırzadənin Üçrəngli Bayrağımıza bükülmüş tabutu onun doğulub boya-başa çatdığı doğma Lənkəran rayonunun Xanbulan qəsəbəsinə gətirildi və müharibədən əvvəl özünün də arzuladığı yerdə - Pir Yaqub ziyarətgahında torpağa tapşırıldı...
***
Şəhid əsgər Mahsun Zahir oğlu Bağırzadə 30 may 1998-ci il tarixdə Lənkəran rayonunun Xanbulan qəsəbəsində sadə, zəhmətkeş ailədə anadan olub. Qəsəbə orta məktəbini bitirib. Vətən borcunu 2016-2018-ci illərdə Ağdam bölgəsində verib, həqiqi hərbi xidmətini yerinə yetirib, pulemyotçu hərbi ixtisasına yiyələnib. 2018-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə işləyirdi. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Mahsun Bağırzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
***
Mahsun haqqında xatirələrini bölüşmək üçün onun valideynlərinə, komandirinə, döyüşçü yoldaşlarına, qohumlarına, dostlarına, məktəbdə ona dərs demiş müəllimlərinə, iş yoldaşlarına müraciət etdik.
Zahir Qardaş oğlu Bağırov (şəhidin atası):
- Mahsun ailədə əziz, sevimli, şən, gülərüz və zirək uşaq idi. O, elə sağlam böyüdü ki, nə vaxtsa xəstələndiyini xatırlamıram. İllər keçdikcə Mahsunun qeyri-adi xasiyyətdə böyüdüyünü müşahidə edirdim. İstər yeniyetməlik dövründə, istərsə də gənclik illərində bizi heç incitmədi.
2016-cı ilin iyul ayında onu həqiqi hərbi xidmətə yola saldıq. Mən, anası və kiçik qardaşı Güləli Gəncə şəhərində yerləşən hərbi hissəyə andiçmə mərasiminə getdik. Mahsun qısa müddətdə xeyli dəyişmişdi. Baxmayaraq ki, hərbiyə gəlməsindən cəmi iki ay keçmişdi. Bir müddət sonra onu Ağdam bölgəsinə apardılar. Bizimlə tez-tez əlaqə saxlayırdı. Səkkizinci ayın sonunda birinci məzuniyyətə gəldi. Çox dəyişsə də, hərbi xidmətindən razılıq edirdi. İkinci məzuniyyətə gələndə isə qayğılı, fikirli və qəmli görünürdü. Səbəbini soruşanda, gözləri dola-dola dedi:
- Xidmətimizi Ağdamda, ön cəbhə xəttində keçirirdik. Yaxın dostumla birlikdə səngərdə keşik çəkirdik. O, düşmənin snayper gülləsinə tuş gəldi. Canını qollarım üstündə tapşırdı. Buna görə onu yadımdan çıxara bilmirəm. Hətta həmin vaxt avtomatımı götürüb o taya, düşmən mövqeyinə tərəf keçmək və dostumun qisasını almaq, mənfur erməniləri qırmaq istədim.
Bu zaman Mahsuna sual verdim:
- Bəs niyə keçmədin?
- Sizi gözüyaşlı qoymaq istəmədim, - dedi.
O, hərbi xidmətini başa vurdu və ailəmizə qayıtdı. 2018-ci ildə mənimlə bir təşkilatda - Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə kimi əmək fəaliyyətinə başladı. İşini çox sevirdi, bütün tapşırıqların öhdəsindən bacarıqla, həvəslə gəlirdi. Harayasa gedəndə ona tapşırıq verirdim, qayıdanda görürdüm ki, vaxtından əvvəl yerinə yetirib. Fasilə zamanı kollektiv üçün mahnı oxuyardı. Məhərrəmlik ayında mərsiyə deyərdi, dinə çox bağlı idi. Gözaltısı da vardı. Ailədən razılıq alınmışdı. Səfər ayı başa çatandan sonra elçiliyini planlaşdırmışdıq. Amma amansız fələk arzularımızı ürəyimizdə qoydu...
2020-ci il sentyabr ayının 28-də saat 16 radələrində Xanbulan qəsəbə icra nümayəndəliyindən mənə zəng gəldi, Mahsunun mobil telefon nömrəsini istədilər. Özüm ona zəng etdim. Dedi ki, ata, cəbhəyə gedirəm. Evə gəlib anası ilə görüşdü və hərbi komissarlığa yola düşdü. Çox sevinirdi, sanki toy-bayrama gedirdi.
Oktyabr ayının 4-də bizimlə ilk dəfə telefonla danışdı. Harada olduğunu soruşanda dedi ki, sərhəddədirlər, çayın o biri tayı İrandır, yaxınlıqda körpü var. Bildim ki, ora Cəbrayıldır, Xudafərin körpüsü ərazisindədirlər. “Özünü gözlə, oğul”, - deyəndə, cavab verdi ki, arxayın ol, ata, sən özünə yaxşı bax, mənə heç nə olmaz!
Mahsun növbəti dəfə oktyabr ayının 19-da axşam saat 20 radələrində mənə zəng etdi. Dedi ki, sabah Qubadlı istiqamətinə gedirlər. Mən ona yenə özünü gözləməsini, irəliyə tək, çox getməməsini söylədim. Çünki bilirdim ki, o, heç kimdən geriyə qalan deyil. Telefonda bizimlə sağollaşdı. Bu, son danışığımız oldu. Həmin gün bütün dostları, yaxınları, iş yoldaşları ilə də danışmışdı. Bir neçə gündən sonra Mahsunun telefonu daha cavab vermədi, həmişəlik susdu... Bilirdim ki, o, yaralı olsa belə, bizimlə əlaqə saxlayardı...
Noyabr ayının 4-də hərbi komissarlıqdan mənə zəng vurdular və Mahsunun yaralandığını bildirdilər. Ancaq inanmadım, onun şəhid olduğunu öyrəndim. Axşam saatlarında Üçrəngli Bayrağa bükülmüş tabutu həyətimizə gətirildi və oğlum bizimlə əbədi vidalaşdı.
Anası bugünədək Mahsunun yoxluğuna inanmır...
Dəfnində minlərlə insan iştirak edirdi. Rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, qonşu və yaxın-uzaq kəndlərin sakinləri, xüsusilə gənclər şəhid balama son ehtiramlarını bildirməyə gəlmişdilər. Mahsun sanki bu gün üçün, Vətən uğrunda şəhid olmaq üçün dünyaya gəlmişdi...
AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxanoğlu:
- 30 illik Vətən həsrətimizə son qoyub bükülmüş qamətlərimizi dikəldən, kürəyimizdən ən ağır ittihamları götürən şəhidlərimizə əbədi ehtiram borcumuz vardır. Hər kəs üstündə gəzdiyi torpağın şəhid canı və qanı bahasına necə azad olunduğunu bilməlidir, bu, onun vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya bilər. Ölkə Prezidenti, Ali Baş Komandan, möhtərəm İlham Əliyevin apardığı daxili siyasətinin də təməl qayəsini bu təşkil edir, andiçmə mərasimindəki nitqində də bunu açıq şəkildə bəyan etdi. AMEA rəhbərliyi də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, ailələrinə diqqət göstərilməsinə xüsusi önəm verir.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı, şəhid Mahsun Bağırzadənin Mərkəzdə sürücü işləyən atası Zahir Qardaş oğlu Bağırova akademik İsa Həbibbəylinin tapşırığı ilə təzə maşın verildi. 4 may 2024-cü ildə Mahsun Bağırzadə və döyüş yoldaşlarının şəhid olduğu müqəddəs torpaqlarımıza - Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıya səfərimiz oldu. Şəhidimizin atası Zahir Bağırov, əməkdaşlarımız Namik Qasımov, Rameş Kərimov, şəhidin döyüş yoldaşları, baş leytenant Elnur Talıbov, qazi Möhnət Səmədov, Sabirabad şəhidi, Mahsunun döyüş yoldaşı Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov və Zəngəzur Cəmiyyətlər Birliyinin sədri Hacı Nərimanoğlu da bizimlə idilər. Mahsun və onun döyüş yoldaşlarının ayaq basdığı məkanları, Qubadlı rayonu Muradxanlı kəndini, daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və şəhid Əlisadət Ağayevin məzarlarını ziyarət edib, hərbi hissəyə baş çəkdik.
AMEA rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə Elmi Mərkəzimizin əsas binasında Şəhidin xatirə guşəsi yaradılıb. Mərkəzə ilk dəfə qədəm qoyan hər kəs xatirə guşəsinin önündə təzə-tər qərənfillər düzür.
Əməkdaşımız İltifat Əhmədov Mahsun Bağırzadə haqqında kitab hazırlayır.
Görüləsi işlərimiz çoxdur. Başımızı uca edənləri başımız üzərinə qaldırmağa hər an hazırıq...
***
Elnur Nurəddin oğlu Talıbov (Lənkəran şəhər sakini, Mahsunun komandiri, ehtiyatda olan baş leytenant):
- 30 nəfər əsgərlə birlikdə növbəti tapşırığı yerinə yetirməyə yollandıq. Onların əksəriyyəti komandiri olduğum tağımın əsgərləri idi. Cəbrayıldan Zəngilana gedən yolda təxminən 12 saata qədər məsafə qət etdik. Sonra xüsuso təyinatlıların polkovniki bizi hündür dağ silsiləsində mövqe tutan, sayca az olan dəstəyə köməyə göndərdi. Təyin olunmuş yerə çatan kimi XTD-nin komandiri göstərişlərini verdi və lazımi mövqeni tutduq.
Həmin gün düşmənin qırıcı təyyarələri başımızın üzərindən uçaraq mövqelərimizi bombardman etdi. Onları atəşə tutduq. Allaha şükürlər olsun ki, itki vermədik...
Ərzağımız tükəndiyindən özümüz azuqə axtarmaq məcburiyyətində qalırdıq. Yaxınlıqda yerləşən məntəqəyə gedən əsgərlərimiz çətinliklə də olsa, müəyyən miqdarda su və qənimətlə geri dönürdülər. Bəzən bu, faciə ilə də nəticələnirdi. Tabeliyimdə olan əsgərlərdən Mahsun öz səriştəsi, bacarığı və çevikliyinə görə getdiyi məntəqədən həmişə sağ-salamat və əli dolu qayıdırdı. Onda mənfur düşmənə qarşı sonsuz nifrət hissi var idi.
Oktyabrın 17-də Cəbrayıl rayonunun mərkəzinə gəldik. Bir gün kazarmada, səhərisi isə çöl şəraitində yerləşdik. Sevinirdik ki, o vaxta qədər itki verməmişik, hamımız sağ-salamat qalmışıq. Yalnız 1-ci tağım bir şəhid vermişdi - Cəlilabad rayonunun Üçtəpə kəndindan olan snayper Ayxan Cəfərov əbədiyyətə qovuşdu. Allah ona qəni-qəni rəhmət eləsin! Şəhidliyi hamını üzmüşdü.
Oktyabrın 20-də yeni tapşırıq aldıq və maşınlara yerləşib Qubadlıya doğru hərəkətə başladıq. Təxminən axşam saatlarında, hava qaralmağa başlayanda Qubadlıya çatdıq. Ermənilər oranı tərk edərkən Həkəri çayının üzərindəki körpünü partlatmışdılar. Körpünün yaxınlığındakı bir məntəqədə öz tağımımla yerləşdik. Arxamızca 1-ci tağım və bölük komandirləri gəldilər. Onlar da mövqeyimizdə yerləşməyə başladılar. Gecə saat iki radələrində düşmənin qırıcı təyyarələri bir neçə uçuş keçirib mövqelərimizi yenidən atəşə tutdu. Yaralılarımız olsa da, xoşbəxtlikdən şəhid vermədik.
Oktyabrın 21-də general Mayis Bərxudarov qarşımızda çıxış etdi. Onun sözləri şəxsi heyətə ürək-dirək, ruh yüksəkliyi verdi. Yüksək rütbəli komandirlərin bizdən xeyli irəlidə olduqlarını gördük. Bu da bizə mənəvi dayaq idi, döyüş ruhumuzu artırırdı.
Təxminən günorta saatlarında həmin məntəqədən digər bir məntəqəyə keçdik. Yeni tapşırıq aldıq. Kiçik dağın arxasına avtomobillə enib, yaxınlıqdakı böyük dağın sol tərəfində mövqe tutmalı idik. Avtomobillə dağın arxasına endikdə erməni mərmisinə tuş gəldik. On bir nəfər şəhid verdik, 30 nəfər isə yaralandı. Bu zaman bölük komandiri, leytenant Elvin Novruzov, Mahsunun dostu Murad Abbasov və daha 9 nəfər şəhidlik zirvəsinə ucaldı.
Muradın şəhidlik xəbərini eşidən Mahsun son dərəcə pərişan oldu, dəhşətli sarsıntı keçirdi. Onu belə vəziyyətdə heç görməmişdim, qəzəbindən qovrulur, bir yerdə qərar tuta bilmirdi. Qisas hissi ona rahatlıq vermirdi. Həqiqətən onlar bir-birinə çox yaxın, mehriban dost idilər.
Təxminən bir saat sonra növbəti tapşırığı aldıq. Artıq hava qaralmışdı. Komanda gələn kimi hərəkətə başladıq. Mahsun hamıdan cəld ayağa qalxıb silahını götürdü:
- Komandir, gedək Muradın qisasını alaq! - deyib irəli şığıdı...
***
İsmayıl Hüseynov (Cəlilabad rayonu, qazi, Mahsunun döyüş yoldaşı):
- Şəhid Mahsun Bağırzadə ilə ilk tanışlığımız Ağcabədi rayonunda N saylı hərbi hissədə oldu. Gözəl səsi var idi. İlk dəfə döyüş bölgəsinə yollanarkən getdiyimiz maşında mərsiyə və mahnılar oxuyurdu. Komanda verilən kimi o, Cəlilabad rayonunun Üçtəpə kəndindən olan snayper, şəhid Ayxan Cəfərovla birlikdə məsuliyyəti öz üzərlərinə götürdülər və ilk tapşırığın öhdəsindən layiqincə gəldilər. Onları döyüş yoldaşlarından fərqləndirən cəhətlər çox idi. Mahsun savaşda öz şücaəti, igidliyi ilə əsgər yoldaşlarının rəğbətini qazanmışdı.
Onunla bağlı xatirələr çoxdur, danışmaqla bitməz. Zəngilan rayonunda tağım komandiri, baş leytenant Elnur Talıbov tərəfindən tapşırıq verildikdən dərhal sonra Mahsun hamıdan cəld, çevik tərpənərək təpənin ən yüksək yerində özünə səngər qazmağa başladı. Komandir ona çox yüksəyə qalxdığına görə irad tutdu və səngəri aşağıda qazmasını tapşırdı, amma Mahsun inadından dönmədi və sözünün üstündə durdu. Komandir soruşdu ki, bəs çıxış yolu haradan olacaq? Mahsun dərhal çıxış yolu tapdı və səhərədək həmin səngərdə qaldı...
***
Gülmayə Qəmxarova (Mahsunun ibtidai sinif müəllimi):
- Övlada sevgi təkcə valideynlərə məxsus deyil. Bu, hər gün qarşısında əyləşən fidanlara sevgi bəsləyən müəllimlərə də aiddir. Öz övladı kimi sevdiyi şagirdlər müəllim üçün əziz və unudulmazdır. Bütün varlığı ilə onlara bağlanan müəllim üçün bundan yaxşı nə ola bilər? Şagirdini kefsiz görən müəllimin də halı pərişan olur. Yetirmələrinin uğuruna sevinən, kədərinə üzülən müəllim üçün həyat bir anlıq mənasını itirir. Bunu təcrübəmdə görmüşəm.
Əlindən tutub hərflərin yazılışını öyrətdiyim şagirdim Mahsun Bağırzadə adını tarixə yazdı, müəllimlərinə, qəsəbə sakinlərinə, bütün lənkəranlılara Zəfər sevincini, bununla yanaşı, kədəri də yaşatdı.
Torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt ediləndə məni həmişə bir sual düşündürürdü: “Görəsən, bizim o torpaqları azad etməyə gücümüz çatarmı?” Bu mövzuda şagirdlərə müraciət edəndə Mahsun:
- Müəllim, vaxt gələr, biz o torpaqları azad edərik! - deyə inamla söyləyərdi. Dediyinə də sadiq qaldı. Təbəssüm dolu baxışlarında intiqam cizgiləri aydın sezilərdi. “Vətən çağırır!” mövzusunu tədris edərkən: “Silah götürüb mən də döyüşə gedərəm!” - deyərdi.
Onun 44 günlük Vətən müharibəsinə yola düşdüyünü əks etdirən videokadrlarda necə də həvəslə, sevinclə uşaqlıq arzusuna - döyüşə qatılmaq arzusuna çatdığı aydın görünür. Mahsunun şəhid olduğunu eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Hər zaman qəlbimdə silinməz hisslərlə yaşayan şəhid şagirdimi dərslərimdə qarşımda əyləşən fidanlara nümunə göstərirəm.
Dünənə qədər elə bilirdim ki, biz onun kimi şagirdlərimizə məktəb oluruq, amma belə deyilmiş. Mahsun öz şücaəti, igidliyi, qəhrəmanlığı ilə bizə bir məktəb yadigar qoyub getdi. Müəllim olaraq bundan sonra şagirdlərimizi Mahsun məktəbinin məzunları kimi yetişdirməyə çalışmalıyıq. İnanıram ki, gələcək nəslimiz onun xatirəsini, məktəbini yaşadacaq və estafet kimi bir-birinə ötürəcək.
Allah şəhid balamıza rəhmət eləsin! Bir ana kimi onun ruhu qarşısında baş əyirəm!
***
Rəfiqə Babayeva (Mahsunun sinif rəhbəri):
- Şəhidlər bizim qürur mənbəyimizdir. Eyni zamanda, hər yarımçıq qalan şəhid ömrü qəlbimizin sağalmaz yarasıdır. Mahsun Bağırzadə ömrü... Qısa, lakin şərəfli ömür... Şəhidliyə, o şərəfli zirvəyə aparan yol hələ neçə illər öncə başlamışdı...
M.Bağırzadə ibtidai təhsilini başa vurduqdan sonra onun oxuduğu sinifdə Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris etməyə başladım. Eyni zamanda, bu sinfin rəhbərliyi də mənə tapşırıldı. Şagirdləri bir-bir nəzərdən keçirirdim, onların hərəkətlərini, davranışlarını izləyirdim. Aralarında sarışın bir oğlan var idi. Nisbətən şıltaq, bir qədər də nadinc olmasına baxmayaraq, yoldaşları ilə dil tapmağı, özünü sevdirməyi bacarırdı. Heç vaxt sözümdən çıxmaz, dediyimi edər, məni də həmişə razı salardı.
Vətənpərvərlik mövzusunda söhbətlərimiz çox olardı. Torpaqlarımızın işğalı barədə söz açılanda Mahsunun gözlərində sanki qığılcım görərdim. Digər şagirdlərim kimi ondan da: “Niyə Prezidentimiz səfərbərlik əmrini vermir?”, “Niyə torpaqlarımız hələ də o vəhşilərin, qaniçənlərin əlindədir?” - suallarını eşidirdim. Bu an həmin qığılcım sönməz bir atəşə, qisas atəşinə çevrilirdi.
Bütün varlığımla inanırdım ki, düşməndən haqq-hesab soracağımız gün gələndə Mahsun cəbhəyə könüllü gedənlərdən olacaq. Çünki bu mərd, cəngavər oğlanın qəlbində Vətənə məhəbbət, düşmənə nifrət hissi dərin kök salmışdı.
44 günlük Vətən müharibəsinin başlandığı birinci gündən sonra öyrəndim ki, o da ilk könüllülər sırasında müharibəyə yollanmışdır. Bu gün ən böyük arzusu - torpaqlarımızı azad görmək arzusu onun kimi minlərlə igid Vətən övladlarının qəhrəmanlığı sayəsində gerçəkləşmişdir!
Mahsun Bağırzadənin Vətən eşqi, keçdiyi şərəfli döyüş yolu böyüyən nəslə, gənclərə örnək, əsl nümunədir.
Müəllim, eyni zamanda, ana kimi şagirdimlə fəxr edirəm.
Qürur mənbəyimə çevrilmiş Mahsunun ruhu qarşısında baş əyirəm!
***
Elnarə Şahmarova (Mahsunun iş yoldaşı):
- Biz iş yoldaşı kimi şəhid Mahsun Bağırzadəni həmişə xatırlayırıq. O, 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra ailəsinə qayıtdı. Bir neçə gündən sonra AMEA Lənkəran Regional Elmi Mərkəzinin Çay və subtropik bitkilər şöbəsinə daxil oldu, bizimlə birlikdə fəhlə işləməyə başladı.
Mahsun tərbiyəli, özündən böyüklərə hörmət edən mehriban oğlan idi. Verilən bütün tapşırıqları vaxtından əvvəl yerinə yetirərdi. Həmişə üzü gülərdi. Şən zarafatları ilə başımızı o qədər qatardı ki, iş gününün nə vaxt başa çatdığını hiss etməzdik. Daha çox hərbi xidmət dövründən, igid eloğlumuz, Xüsusi Təyinatlı Dəstənin kəşfiyyatçısı, şəhid Pəncəli Teymurovun qəhrəmanlığından ağızdolusu danışardı. Həmçinin gözəl səsi vardı. Fasilə zamanı mahnılar oxuyar, fikrimizi saxlayardı. Məhərrəmlik ayında isə mərsiyələr deyərdi.
İş vaxtı idi. 2020-ci il sentyabr ayının 28-də saat 16 radələrində Mahsunun telefonuna zəng gəldi. Danışandan sonra sevinə-sevinə bizə dedi:
- Vayenkomat çağırıb, döyüşə, azğın erməniləri qırmağa gedirəm!
O bu sözləri elə sevincək tərzdə dedi ki, hamımız onun zarafat etdiyini düşündük. Qaça-qaça evlərinə tərəf getdi. Yarım saatdan sonra ona zəng vurdum və dedim:
- Mahsun, harada qaldın, atanın gələn vaxtıdır, səni soruşanda ona nə deyim?
Cavab verdi:
- Atam bilir, müharibəyə gedirəm!
Mən bu sözdən sonra söylədim:
- Elə sevinə-sevinə getdin ki, sənə inanmadıq. Bəs bizimlə niyə görüşmədin?
Mahsun bir neçə dəqiqədən sonra iş yerinə qayıdıb bizimlə görüşdü. Ayrılarkən hamımız ağlayırdıq, amma o, gülə-gülə əl edərək əbədiyyətə doğru yol aldı...
***
...Canlarını Vətən, torpaq naminə qurban verən bütün şəhidlərimizin tabutu üçrəngli, ay-ulduzlu BAYRAĞımıza bükülərək torpağa tapşırıldı və onlar əbədiyyətə qovuşdular. Həmin BAYRAQ ki, indi bütöv Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda ... əzəmətlə dalğalanır!!! Dünya durduqca, Azərbaycan zaman-zaman var olduqca bütün şəhidlərimizin, o cümlədən, qərinələr, əsrlər keçsə də, 22 yaşında həmişə cavan qalacaq Mahsun Zahir oğlu Bağırzadənin əziz xatirəsi hər bir həmvətənlimizin qəlbində əbədi yaşayacaqdır!..
İltifat Əhmədov, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı