Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.05.2024 10:26
  • A-
  • A
  • A+

Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü beynəlxalq konfrans keçirilib

Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü beynəlxalq konfrans keçirilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü beynəlxalq konfrans (PLMO 2024) keçirilib.

Geniş coğrafi arealı əhatə edən konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin 14 xarici ölkənin, o cümlədən Polşa, Bolqarıstan, ABŞ, Macarıstan, Hindistan, Sloveniya, Makedoniya, Türkiyə, Ukrayna, Belarus, Çin, Serbiya, Gürcüstan və Özbəkistanın alim və tədqiqatçıları iştirak ediblər.

Konfrans İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti və Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (IEEE) təşkilatçılığı, AR Elm və Təhsil Nazirliyinin, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Çinin Guangzhou Universitetinin, İnformasiya Texnologiyaları İnstitutunun və Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi ilə hibrid formatda baş tutub.

Konfransın açılış tədbirində çıxış edən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modeli çərçivəsində həyata keçirilən və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz ölkələri arasında təhlükəsizlik, tənzimləmə və elmi-texniki məsələlərin həllinə istiqamətlənən beynəlxalq konfransın önəminə toxunub. Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması və həmsərhəd ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mənfi təsir göstərən konfliktlər şəraitində elmi-texniki problemlərin həllinin dünya elmi ictimaiyyətinin qarşısında duran vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Dəhlizlərə çıxışı olan ölkələr arasında qəbul olunmuş standartların tətbiqindən bəhs edən Ə.Abbasov son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin icrasında Azərbaycanın aktiv rola malik olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin Şərq-Qərb nəqliyyat dəhlizinin təkcə infrastrukturunun təkmilləşdirilməsi baxımından deyil, həm də üzv dövlətlər arasında ticari əlaqələrin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Xüsusən də Azərbaycanda Ələt Azad İqtisadi Zonasının qurulmasının, Bakı Beynəlxalq Limanının tikilməsinin, Azərbaycan Digital Hub proqramının  hazırlanmasının, yüksək sürətli hesablama və Data mərkəzlərinin və optik informasiya magistralının yaradılmasının regionda nəqliyyat infrastrukturunun inkişafına töhfə verdiyini bildirib.

Akademik Orta Dəhliz, TRACECA və SPECA ölkələrində təchizat zəncirinin keyfiyyətinin yüksəldilməsi, nəqliyyatın rəqəmsallaşdırılması və BMT standartlarının tətbiqinin önəmini vurğulayıb. Müvafiq sahədə mövcud problemlərin həlli istiqamətində İSİ-nin müxtəlif yerli və beynəlxalq qurumlarla o cümlədən, BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE) ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, EU4Digital proqramının işçi qrup bazalarından birinin institutun nəzdində yerləşdiyini diqqətə çatdırıb.

Çıxışının sonunda həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov konfransa öz işində uğurlar arzu edib.

Sonra Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə dünyada baş verən geosiyasi proseslərin, qlobal çağırışların nəqliyyat probleminə kompleks yanaşmağı tələb etdiyini bildirib. Nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən dövlət siyasətindən bəhs edən akademik sözügedən sahədə müxtəlif elmi-tədqiqat müəssisələrinin, o cümlədən İdarəetmə Sistemləri İnstitutunun fəaliyyətini təqdirəlayiq hesab edib.

Azərbaycanın coğrafi olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən R.Əliquliyev bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsinin ölkənin geosiyasi təhlükəsizliyi, iqtisadi inkişafı və regionda sabitliyin bərqərar olması baxımından nəqliyyat siyasətinin əsas prioritetlərindən olduğunu bildirib, qarşıda duran hədəflərdən ətraflı şəkildə bəhs edib.

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan R.Əliquliyev rəqəmsal və yaşıl transformasiyaların müasir dövrdə dövlət siyasətinin əsas dayağı olduğunu bildirib, nəqliyyat infrastrukturunun yaşıl texnologiyalara uyğunlaşdırılmasının ölkədə yaşıl cəmiyyətin formalaşmasına böyük təkan verdiyini qeyd edib.

Çıxış edən Elm və Ali Təhsil  üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Azərbaycanın coğrafi mövqe baxımından dünyada baş verən qlobal xarakterli siyasi-iqtisadi proseslərin mərkəzində yer aldığını qeyd edərək regionda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin ölkənin hərtərəfli inkişafına təkan verdiyini bildirib.

Ə.Sadıqov nəqliyyat dəhlizlərində logistika, idarəetmə və istismar problemlərinin elmi ictimaiyyət tərəfindən müzakirəsi və bu sahədə birgə elmi tədqiqatların aparılması məqsədilə ölkəmizdə silsiləvi şəkildə keçirilən konfransın önəmini vurğulayıb. Sözügedən problemlərin həllində elm və təhsilin rolunu nəzərə çatdıran professor AR Elm və Təhsil Nazirliyində nəqliyyat və logistika sahəsində yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən əməli tədbirlərdən, qurulan beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açıb. İSİ-nin “Dövlət-Özəl-Akademik” modeli əsasında fəaliyyətini yüksək qiymətləndirən Ə.Sadıqov beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, elmi nəticlərin praktikada tətbiqi istiqamətində qarşıda duran hədəfləri nəzərə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzov çıxış edərək Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan, Azərbaycanın tranzit potensialının artırılması və beynəlxalq nəqliyyat şəbəkəsinin mərkəzinə çevrilməsinə xidmət edən bu qəbil mötəbər konfransların keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. O, Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq dəhlizlərin mərkəzinə çevrilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz töhfələrindən ətraflı şəkildə bəhs edib. O, Azərbaycanın region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib beynəlxalq layihələrin icraçısı olduğunu bildirib, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran hədəflərdən bəhs edib.

Sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev çıxış edərək Azərbaycanın Orta dəhlizdəki rolu, dəhlizin inkişafı məqsədilə ölkədə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, o cümlədən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrdən söz açıb. O, təchizat zəncirinin dayanıqlığının təmin edilməsi məqsədilə əməliyyat proseslərinin təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, nəqliyyatda rəqəmsal həllərin daha geniş tətbiqi istiqamətində görülən işlər və tranzit yükdaşımaların həcmindəki əhəmiyyətli artım barəsində məlumat verilib. F.Əliyev, həmçinin dövlət siyasəti nəticəsində Azərbaycanın regional tranzit və ticarət qovşağına çevrilməsi yönündə əldə olunan nailiyyətlər və dəhliz boyu ölkələrlə birgə əməkdaşlıq istiqamətində aparılan tədbirlər barədə danışıb.

Daha sonra Polşanın Sileziya Texnologiya Universitetinin nümayəndəsi, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, professor Aleksandr Sladkovski çıxış edərək nəqliyyat dəhlizlərində logistika, idarəetmə və istismar problemlərinin müzakirə edilməsi məqsədilə dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssisləri bir araya gətirən konfransın əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, hazırda müxtəlif nəqliyyat dəhlizlərinin istifadəsi zamanı siyasi, iqtisadi, mədəni və ekoloji faktorların təsiri ilə bağlı meydana gələn problemlərin aşkarlanması və aradan qaldırılması dünya elmi ictimaiyyətinin qarşısında duran vəzifələrdən biridir. Bu istiqamətdə təmsil etdiyi elmi müəssisə ilə İdarəetmə Sistemləri İnstitutu arasında mövcud səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən alim gələcək prioritetləri nəzərə çatdırıb.

Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib. Plenar sessiyada AMEA-nın müşaviri akademik Telman Əliyevin təqdimatında “İntellektual texnologiyalar və sistemlərdən istifadə etməklə Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi üsulları” və professor Valeri Virkovskinin təqdimatında “Avrasiyada nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması tarixi və prinsipləri” mövzularında məruzələr dinlənilib.

Üç gün davam edən konfrans Şamaxı Astrofizika Rəsədxanasında seksiya və bağlanış tədbiri ilə öz işini başa çatdırıb. Seksiyada Aleksandr Sladkovski, Marcin Szczepanek, Andrey Czerepicki, Grzegorz Kubica və Fazil İsmayılov çıxış ediblər. Konfransın bağlanış tədbirində Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov və İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, texnika elmləri doktoru, dosent Elxan Səbziyev çıxış ediblər. Çıxışlarda konfrans əsnasında nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, elmi-texniki və təşkilati problemlərin həlli, təchizat zəncirində investisiya məsələləri, yüklərin danışmasında BMT standartlarının tətbiqi kimi mövzuların dünya alimləri tərəfindən müzakirəsinin mövcud çətinliklərin aradan qaldırılmasına rəvac verəcəyi bildirilib.

Qeyd edək ki, beynəlxalq konfransa ümumilikdə 154 məruzə təqdim edilmiş, onlardan 89-u qəbul edilmişdir. Seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: