AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib.
İclasda Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və institut əməkdaşları iştirak ediblər.
Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru dosent Qətibə Mahmudova Həmkarlar Təşkilatına sədrlik etdiyi 2021-2024-cü illər ərzində təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra Təftiş Komissiyasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Həmkarlar Təşkilatının gördüyü işləri yüksək qiymətləndirib.
Qətibə Mahmudovanın hesabatı qənaətbəxş hesab edilib. Daha sonra açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən seçiliblər. Qətibə Mahmudova institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib.
İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi və s. sahəsində fəaliyyətinin daha da aktiv olmasının zəruriliyini vurğulayaraq Qətibə Mahmudovaya gələcək işlərində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.