Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2024 16:25
  • A-
  • A
  • A+

AMEA-da Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futbol çempionatının qalibləri mükafatlandırılıb

AMEA-da Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futbol çempionatının qalibləri mükafatlandırılıb

Mayın 24-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiya əməkdaşlarının futbol çempionatının həlledici oyunları və mükafatlandırma mərasimi keçirilib.

Final qarşılaşmasında Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası Nizami Gəncəvi adına Ədəbiyyat, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandasını məğlub edərək çempionatın qalibi olub.

III yer uğrunda keçirilən görüşdə isə AMEA-nın Rəyasət Heyəti aparatının, “Elm” nəşriyyatının, Mərkəzi Elmi Kitabxananın birləşmiş komandası Arxeologiya və Antropologiya İnstitutunun komandasını məğlub edərək bürünc medalın sahibi olublar.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan oyunlardan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, Həmkarlar Təşkilatlarının sədrləri, gənc alimləri və komandaların azarkeşləri iştirak ediblər.

Mərasimdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, bu istiqamətdə Ulu Öndərin və Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb.

AMEA rəhbəri futbol çempionatının Akademiya əməkdaşlarının asudə vaxtlarının səmərəli istifadəsi, sosial, mədəni tədbirlərin tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, AMEA əməkdaşlarının elmi fəaliyyətləri ilə yanaşı, qabiliyyət və bacaraqlarının da nümayiş etdirilməsi üçün hər cür şərait yaradılır, onların rəsm sərgisi təşkil olunur və digər tədbirlər həyata keçirilir.

AMEA prezidenti futbol çempionatının yüksək səviyyədə təşkili və ədalətlilik prinsipinin qorunmasına görə Azad Həmkarlar İttifaqına və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına minnətdarlığını bildirib.

Daha sonra akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin futbol komandasının kapitanı Azər İsgəndərova çempionatın kubokunu və medallarını təqdim edib. Həmçinin ikinci və üçüncü yerlərin sahiblərinə sertifikatlar, medal və pul mükafatları təqdim olunub.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: