Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.05.2024 10:14
  • A-
  • A
  • A+

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar

Çilinin ALMA (Atacama Large Millimetric Array) rəsədxanasının baş astronomu astronomiya üzrə fəlsəfə doktoru David Rebolledo və təbliğat-kommunikasiya üzrə kordinatoru Nikolas Lira Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.

Qonaqları Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alaberti Barios müşayiət edib.

Səfərin məqsədi ŞAR-ın infrastrukturu elmi tədqiqat imkanları ilə tanış olub, perspektivdə elmi əməkdaşlıq sahəsində sıx əlaqələrin yaradılması ilə bağlı müzakirələr aparmaq olub.

Qonaqları ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov qarşılayıb. Səfər çərçivəsində ŞAR-ın muzeyində olan qonaqlara buradakı eksponatlar onların tarixçəsi, o cümlədən ümumi infrastruktur haqqında ətraflı məlumat verilib və bütün bu sadalananların fonunda ŞAR-ın turizm potensialı diqqətə çatdırılıb.

Sonra qonaqlar rəsədxananın 2 metrlik teleskopunun binasına aparılıb. ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, astronomiya elmləri doktoru Canməmməd Rüstəmov teleskopun texniki parametrləri, iş prinsipi və burada aparılan elmi-tədqiqat işləri barədə qonaqlara geniş informasiya verib və onları maraqlandıran sualları cavablandırıb.

Səfərin proqramına əsasən, ekskursiyadan sonra rəsədxananın inzibati binasında elmi işçilərlə görüş təşkil edilib. Nəriman İsmayılov tədbir iştirakçılarını salamlayaraq qonaqları kollektivə təqdim edib. İlk öncə Şamaxı Astrofizika Rəsədxanasının yaranma tarixindən, ŞAR-ın astrofizika sahəsində tanınmış alimlərindən, son illərdə ölkəmizdə bu sahədə aparılan tədqiqatlardan danışan alim, həmçinin rəsədxananın beynəlxalq əlaqələrin qurulmasına verdiyi önəmi xüsusi vurğulayaraq ALMA ilə də mümkün elmi əməkdaşlığın istiqamətlərinə toxunub.

Daha sonra çıxış üçün sözü Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alaberti Bariosa verib. O, müasir dövrün tələblərinə uyğun olaraq sürətli inkişafın təminatı üçün elmi əməkdaşlıqların önəmini qeyd edib. ALMA-nın mövcud əməkdaşlıq şəbəkəsini daha da genişləndirməkdə maraqlı olduğunu və Şamaxı Astrofizika Rəsədxanasının da bu şəbəkəyə qoşulmasının birgə elmi tədqiqat işlərinə böyük töhfə verəcəyinə inandığını bildirib.

ALMA-nın baş astronomu David Rebolledo isə öz növbəsində təmsil etdiyi rəsədxananın infrastrukturu, mövcud teleskoplar, ALMA-da aparılan elmi tədqiqat işləri, qoşulduqları nəhəng beynəlxalq layihələr haqqında məruzə ilə çıxış edib. Alim çıxış zamanı əməkdaşlıq imkanları, kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi perspektivləri barədə də geniş məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışın sonunda müxtəlif elmi istiqamətlər üzrə diskussiyalar aparılıb, məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: