Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2024 14:20
  • A-
  • A
  • A+

Dünya şöhrətli professor Əziz Sancar AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə görüşüb

Dünya şöhrətli professor Əziz Sancar AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə görüşüb

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancar AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə görüşüb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonağı təqdim edərək, Əziz Sancarın Türk dünyasının fəxri olduğunu bildirib.

Qeyd edib ki, ötən il Nobel mükafatilə bağlı dünya təcrübəsini, Nobel mükafatına aparan yolun çətinliklərini, maneələrini, psixoloji eyforiyasını aydınlaşdırmaq, uğurlarını, çağırışlarını gənc alimlərə, yeni nəsillərə çatdırmaq, alimlərimizi, yazıçılarımızı Nobel mükafatının təqdim etdiyi elmi istiqamətlərə doğru yönləndirmək məqsədilə AMEA-nın Rəyasət Heyətinin təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA rəhbəri bildirib ki, Azərbaycan alimləri də bu istiqamətdə fəaliyyətdən çəkinməməli, Nobelə doğru addımlamalı, elmimizi dünyaya çıxarmaq üçün çalışmalıyıq.

Akademik İsa Həbibbəyli Əziz Sancarla Azərbaycan alimlərinin görüşünün onlara Nobel mükafatına aparan yolun çətinliklərini, psixoloji mərhələlərini aşmağa kömək edəcəyini vurğulayıb.

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü Əziz Sancar isə çıxışında AMEA rəhbərliyinə dəvətə görə minnətdarlığını bildirib, Azərbaycanda hər zaman ona göstərilən diqqətdən məmnun qaldığını söyləyib.

Daha sonra bir sıra müzakirələr aparılıb, xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: