Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Sancar Azərbaycanda səfərdədir. Azərbaycan Milli Elmlər Akademiyasının təşkil etdiyi səfərdə görkəmli alim bir sıra görüşlər keçirəcək, önəmli mövzuda mühazirə oxuyacaq.
Hörmətli qonaq səfərinin ilk günündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Dünya şöhrətli alim AMEA-nın Ümumi yığıncağının xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcək, ona AMEA-nın Fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq. Nobel mükafatçısı AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə və təşkilatları, eləcə də respublikanın ali təhsil müəssisələrini ziyarət edəcək.
Xalq qəzetinin əməkdaşı Əziz Sancarla görüşərək ondan qısa müsahibə alıb.
– Əziz bəy, Azərbaycana xoş gəlmisiniz. Budəfəki gəlişinizdə Azərbaycanı necə gördünüz?
– Çox sağ olun. Azərbaycanda elm insanları ilə görüşdüm. Çox doğma olan gənc, istedadlı elm insanları gördüm və bu, məni çox məmnun etdi.
– AMEA-nın dəvətilə Azərbaycana gəlmisiniz...
– Bəli, bu, mənim üçün böyük fəxrdir. Türkiyə və ABŞ Elmlər Akademiyasına illər öncə seçilmişdim. Amma Azərbaycanın mənim könlümdə ayrı bir yeri var və buna görə də, AMEA-nın fəxri üzvü seçilməyim mənim üçün qürurvericidir. Məni türk qardaşları kimi tanıdıqlarına görə çox təşəkkür edirəm.
– Əziz bəy, azərbaycanlı gənclərə nə arzulayardınız?
– Azərbaycana, ümumiyyətlə, Türk dünyasına elm lazımdır. Elmdə irəliləyiş dövlətlərin inkişafı və güclü olması baxımından çox önəmlidir. Bu baxımdan Azərbaycan gənclərinə, dövlətin müvafiq orqanlarına tövsiyəm budur ki, elmi dəstəkləsinlər, zəruri sərmayələr yatırsınlar.
– AMEA-da oldunuz və akademiya sizi alqışladı.
– Akademiyanın prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkürümü bildirirəm. Mənə çox böyük diqqət və sayğı göstərdilər. Bir neçə gündən sonra AMEA-nın üzvləri ilə görüşəcəyəm və müzakirələr aparacağıq. Bir daha AMEA rəhbərliyinə məni Azərbaycana dəvət etdiyinə və göstərdikləri diqqətə görə minnətdarlığımı bildirirəm.