Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.06.2024 09:18
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Çin Milli Kosmik Administrasiyasının nümayəndələri ilə görüş keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Çin Milli Kosmik Administrasiyasının nümayəndələri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Çin Milli Kosmik Administrasiyasının (ÇMKA) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə İSİ-nin baş direktoru akademik Əli Abbasov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri t.ü.f.d. Tofiq Babayev, Çin Milli Kosmik Administrasiyasının Yerin Monitorinqi Sistemləri və Data Mərkəzinin (EOSDC) direktoru Zhao Jian və nümayəndə heyəti, direktor köməkçisi Xıng Jin, şöbə müdiri Wang Fengyu, əməkdaşı Sun Lin, Çinin Peyk Məlumatları və Tətbiqləri Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini Zhou Yibin və digər əməkdaşlar iştirak ediblər. 

Əvvəlcə akademik Əli Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək İdarəetmə Sistemləri İnstitutu ilə ÇMKA və Çinin digər elmi tədqiqat müəssisələri, universitetləri arasında mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Akademik cari ildə Azərkosmos və İSİ-nin əməkdaşlığı çərçivəsində ÇMKA tərəfindən elan olunan layihəyə müraciət edildiyini və Yerin monitorinqi ilə bağlı süni peyklərdən alınan informasiyanın emalı üçün Azərbaycanda DATA mərkəz yaradılması təklifinin irəli sürüldüyünü xatırladıb. Görüşün əsas məqsədinin sözügedən təklifin müzakirəsi və 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək dünyanın nüfuzlu tədbirlərindən biri olan BMT-nin Tərəflər Konfransında (COP29) birgə iştirak barədə danışıqlara həsr edildiyini qeyd edib.

COP29-da birgə iştirakla bağlı təkliflərini səsləndirən Ə.Abbasov bu istiqamətdə Çin Milli Kosmik Administrasiyası, Çin Peyk İnformasiyasının Emalı İnstitutu, Guangzhou Universiteti, AR Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi, AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Kosmik Agentliyi, İdarəetmə Sistemləri İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə sesiyasının keçirilməsi təklifini irəli sürüb.

Sonra çıxış edən EOSDC-nın direktoru Zhao Jian İdarəetmə Sistemləri İnstitutu və Azərkosmosla qurulan əlaqələrin önəmini vurğulayıb, qarşıda duran hədəflərdən bəhs edib. Azərbaycanda səfərdə olan nümayəndə heyətinin Azərkosmosla həyata keçirdiyi görüşlər barədə məlumat verən Z.Jian COP29-da birgə iştirakla bağlı təkliflərini səsləndirib.

Görüş əsnasında 2016-cı ildə Çin Elmlər Akademiyasının və Çin Milli Kosmik Administrasiyasının irəli sürdüyü “Rəqəmsal Kəmər və Yol” (DBAR) meqa layihəsinin müzakirəsi həyata keçirilib, Azərbaycan tərəfinin “Bir Kəmər, Bir Yol” nəqliyyat dəhlizində olan ərazilərin kosmik monitorinqi barədə alyansın yaradılması və bu mövzuda COP29-da iştirak imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin İdarəetmə Sistemləri İnstitutu və Yerin Monitorinqi Sistemləri və Data Mərkəzi arasında anlaşma memorandumunun imzalanması barədə təklif irəli sürülüb.

Görüş nəticəsində ilkin olaraq tərəflər arasında cari ilin iyun ayında COP29 proqramının tərtibi barədə danışıqlar aparılması, konfransda birgə iştirak perspektivlərinin müzakirəsi, birgə sessiyanın təşkili və digər məsələlər qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: