Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2024 11:50
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Əziz Sancar Əlyazmalar İnstitutunun qonağı olub

Nobel mükafatı laureatı Əziz Sancar Əlyazmalar İnstitutunun qonağı olub

İyunun 3-də dünya şöhrətli alim, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü Əziz Sancar AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Müəssisənin direktoru akademik Teymur Kərimli Əlyazmalar İnstitutunun tarixi və əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Əziz Sancar institutun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Ən qədim və ən nadir tibb əlyazmaları” adlı sərgi ilə tanış olub.

Sərgini mötəbər qonağa institutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova təqdim edib, alimə institutun fondunda mühafizə olunan tibb, farmakologiya, anatomiya elmlərinə dair ümumilikdə 60-a yaxın eksponat haqqında məlumat verib.

Bildirilib ki, sərgidə UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reystrinə daxil edilmiş tibbə dair 3 əlyazma abidəsi – Rüstəm Cürcaninin “Zəxireyi – Nizamşahi”, Əbu Əli ibn Sinanın “Əl qanun fit tibb”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasin” əsərləri, adı qeyd olunan müəlliflərin rəsmləri, onların əsərlərinə çəkilmiş illüstrasiyalar, Orta əsrlər tibb və farmakologiya tarixinə dair əsərlərin, o cümlədən Məhəmməd Yusif Şirvani, Nəsrəddin Tusi, Nüsrət Əfəndi, Məhəmməd Füzuli və digər İslam Şərqi intibahının görkəmli nümayəndələrinin tibb elminə dair əsərlərinin nadir nüsxələri, o cümlədən XVI əsrdə Qazax hakimi Kuçkunci xanın şəxsi həkimi olmuş Sultan Əli əl-Xorasani tərəfindən qələmə alınmış “Dəstur əl-ilac (Şəfa ənənələri)” adlı traktatının əlyazması, görkəmli maarifçi yazıçı, həkim və dövlət xadimi Nəriman Nərimanovun tibb elminin müxtəlif sahələrinə dair əsərləri: “Tibb və İslam”, “İnsan bədəni və onun yemi”, “Təbabətə aid risalə” adlı kitablarının ilk çap nüsxələri, Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri – həkim, rəssam, şair, tənqidçi, tərcüməçi Əli bəy Hüseynzadənin Balkan müharibəsində Qızıl Hilal cəmiyyətinin üzvü kimi həkimlik fəaliyyətini əks etdirən foto-sənəd və Əlyazmalar İnstitutunun əməkdaşlarının tibbə dair əlyazmalar əsasında apardığı tədqiqatlar, institutun fondunda mühafizə olunan tibb və farmakologiyaya aid əlyazmaların toplu kataloqu və mövzuya dair digər kitablar nümayiş olunur.  

Daha sonra Əziz Sancar göstərilən diqqətə və nümayiş olunan sərgiyə görə elmi-tədqiqat müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və institutun xatirə kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: