Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı yüksək tempdə davam etmiş, 3697 ləkə regionunda həftə ərzində X1.1, X1.4 və X1.0 sinifi alışma baş vermişdir. Hesabat dövrü ərzində Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 186 ləkə qeyd olunur.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 581 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə -7 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (300 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 4.49 nT, radial istiqamətdə isə -2.81 nT təşkil edir.
Hesabat dövrü ərzində 31 may tarixində geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (3-9 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 35% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin 3697 regionunun fəallığına əsasən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyinin 1 iyunda baş vermiş TKA təsiri ilə sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsi – 1 iyunda baş vermiş TKA təsiri ilə 4 iyunda G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.