Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.06.2024 17:12
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimi “Büllur kompas” mükafatına layiq görülüb

Coğrafiya İnstitutunun alimi “Büllur  kompas” mükafatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d, dosent Zaur İmrani Rusiya Coğrafiya Cəmiyyətinin milli “Büllur kompas” müsabiqəsinin “Elmi nailiyyət” nominasiyasında qalib çıxaraq “Finalçı diplomu”na layiq görülüb.

“Büllur kompas” mükafatı 2012-ci ildən başlayaraq hər il müsabiqə əsasında Rusiya Federasiyasının elm, mədəniyyət, təbiət, tarix, mədəni irsin qorunub saxlanılması və təbliği, ekspedisiya və maarifləndirmə sahəsində görkəmli nailiyyətlərin və unikal layihələrin müəlliflərinə verilir. Bu il 14 ölkədən (Rusiya, Hindistan, Fransa, ABŞ, Misir, Belarus, Moldova, Serbiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Nepal və Tacikistan) 600-dən çox iştirakçı “Coğrafi Oskar” uğrunda mübarizə aparıb. Qaliblərin təltifolma mərasimində Rusiya, Böyük Britaniya, Hindistan, Fransa, Azərbaycan, Qazaxıstan, Serbiya və Qırğızıstan nümayəndələri, eləcə də fəxri qonaqlar qismində Rusiyanın və xarici ölkələrin tanınmış elm və incəsənət nümayəndələri, məşhur kosmonavtlar, dövlət və ictimai xadimlər iştirak ediblər.

Z.İmrani bu ilin finalçıları sırasında mayın 30-da Moskva Beynəlxalq Musiqi Evində keçirilən təntənəli təqdimat mərasimində mükafatlandırılıb. Mükafatı Rusiya Coğrafiya Cəmiyyətinin fəxri prezidenti, iqlim üzrə hökumətlərarası ekspertlər qrupunun tərkibində Nobel Sülh Mükafatı laureatı akademik Vladimir Kotlyakov təqdim edib.

Azərbaycanlı alim bu yüksək mükafata “Azərbaycan daxilində geoekoloji kontekstdə risk və fəlakətlərin qiymətləndirilməsinin obyekt yönümlü təhlili” adlı monoqrafiyasına görə layiq görülüb.

Qeyd edək ki, Coğrafiya İnstitutunun alimləri artıq ikinci dəfədir ki, bu mötəbər müsabiqənin qalibi olurlar. Akademiyanın müxbir üzvü mərhum Elbrus Əlizadə və elmlər doktoru Stara Tarixazər “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” tədqiqat işinə görə 2016-cı ildə müsabiqənin adı çəkilən nominasiyasında qalib çıxaraq “Finalçı diplomu” ilə təltif olunmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: